İran Keşikçilər Korpusu Hörmüzdə daha üç neft tankerinin minaya düşdüyünü deyir
Foto: ImagePerson, CC BY 4.0, Wikimedia Commonsİran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında icazəsiz marşrutla hərəkət edən üç neft tankerinin dəniz minalarına düşdüyünü, gəmilərdə partlayış və güclü yanğın baş verdiyini açıqlayıb. Korpusun yazılı bəyanatına görə, hadisələrdən biri boğazın cənub sahillərində, digər ikisi isə şərq hissəsində qeydə alınıb.
Bəyanatda tankerlərin ABŞ ordusunun geniş hava müşayiəti və mühafizəsi altında hərəkət etdiyi iddia olunur: “ABŞ ordusunun hava müşayiəti bu hadisələrin qarşısını ala bilmədi”. Tankerlərin adları, bayrağı və heyətin vəziyyəti barədə məlumat verilməyib.
Son günlərdə İran tərəfi Hörmüzdə mütəmadi olaraq tankerlərin minaya düşdüyünü açıqlayır. Tehran boğazdan keçidi müharibənin bitməsi üçün irəli sürdüyü şərtlərə bağlayır; İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bu gün də yeddi şərt yerinə yetirilmədən heç bir danışıq aparılmayacağını deyib.
Neft bazarı isə hələlik sakit reaksiya verir. London birjasında “Brent” neftinin yanvar müqavilələri 0,5 faiz ucuzlaşaraq barelə görə 88,92 dollar olub. Azərbaycanın “Azeri Light” nefti 2,12 dollar ucuzlaşaraq 94,81 dollara enib. Azərbaycanın 2026-cı il büdcəsində bir barel neftin qiyməti 65 dollar götürülüb.


