ABŞ maliyyə naziri: İran avqustdan bəri bir tanker də neft yükləyə bilməyib
Foto: Senator Tim Scott, Public domain, Wikimedia CommonsABŞ-nin maliyyə naziri Skott Bessent noyabrın 25-də bildirib ki, Vaşinqton avqustda “Economic Outcast” əməliyyatına başlayandan bəri İran dənizdəki neft ehtiyatlarını tükədib və bir tanker də yükləyə bilməyib. “İran rejimi batan gəmidir”, - Bessent “X” sosial şəbəkəsində yazıb və İranın “dənizdə satmağa bir damla nefti də qalmadığını” iddia edib.
Tehranın açıq bazarında dolların məzənnəsi noyabrın 24-də 2 milyon 856 min riala çatıb - bu, İran rialının yeni rekord enişidir. Eniş ABŞ-nin İranın maliyyə şəbəkələrinə qarşı yeni sanksiyalarından sonra baş verib.
İnqilab Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Möhibbi isə deyib ki, amerikalı komandirlərin açıqlamaları Vaşinqtonun blokadanı davam etdirməkdə çətinlik çəkdiyini göstərir. Onun fikrincə, hərbi yorğunluq və artan xərclər ABŞ-ni blokadadan əl çəkməyə və qüvvələrini regiondan çıxarmağa məcbur edəcək. Korpusun Böyük Tehran üzrə komandiri Həsən Həsənzadə isə xəbərdarlıq edib: “ABŞ və İsrail daha bir səhv etsə, yeni hədəflərin, silahların və hücum planlarının ortaya çıxmasına şahid olacaqlar”.
İranın BMT-dəki nümayəndəsi Fars körfəzinin bir sıra ərəb ölkələrini ABŞ və İsrail hücumları üçün ərazilərini, hava məkanlarını və hərbi obyektlərini bilərəkdən verməkdə ittiham edib. Onun sözlərinə görə, bu ölkələr Tehrana dəyən ziyanı tam ödəməyə hüquqi cəhətdən borcludur.
Çinin İrandakı səfiri Konq Peyvu isə gərginliyin azaldılmasını və danışıqlara qayıdışı təcili prioritet adlandırıb. Səfirin sözlərinə görə, Pekin nüvə mübahisəsinin diplomatik yolla həllini və Hörmüz boğazı ilə bağlı hərtərəfli razılaşma səylərini dəstəkləyir.


