Yeni qanun layihəsi QHT-lərin fəaliyyətini məhkəmə qərarı olmadan dayandırmağa imkan verir

Foto: Tony Bowden, CC BY-SA 2.0, Wikimedia Commons
26-11-2026 13:53

Azərbaycanda qeyri-hökumət təşkilatlarının, eləcə də xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyətini bir ilədək müddətə dayandırmaq səlahiyyəti məhkəmədən alınıb icra hakimiyyəti orqanına verilə bilər. Bu, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Layihə noyabrın 26-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində müzakirə olunub.

İndiki qanuna görə, QHT-nin fəaliyyətini yalnız məhkəmə dayandıra bilər. Layihə mövcud əsaslara yenilərini də əlavə edir: təşkilat fəaliyyətinin “şəffaflığını təmin etmədikdə”, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üzrə tələbləri yerinə yetirmədikdə, rəhbərinin səlahiyyət müddəti bitdikdən sonra üç ay ərzində dövlət reyestrində dəyişiklik edilmədikdə onun işi dayandırıla biləcək. Xarici QHT-lərin filialları ilə bağlanmış sazişin müddəti bitəndə də eyni addım atıla biləcək.

Məhkəmə qaydasında ləğv üçün də yeni əsaslar nəzərdə tutulur. Fəaliyyəti “dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaradan” və ya insanların həyat və sağlamlığı üçün real təhlükə törədən təşkilat ləğv edilə biləcək. Bir il ərzində iki və daha çox yazılı xəbərdarlıq və ya göstəriş alan, ümumi yığıncağını üç il ardıcıl çağırmayan, üç ildən çox fəaliyyətsiz qalan QHT-lər də ləğv riski ilə üzləşəcək. Fəaliyyəti dayandırılmış təşkilatın hər hansı formada işləməyə davam etməsi də ləğv üçün əsas sayılacaq.

Layihə QHT-lərin nizamnaməsinə də əlavə tələblər qoyur: təşkilatlar əmlak və vəsaitlərin istifadəsinə daxili nəzarət qaydasını, bu nəzarəti aparan orqanı və terrorçuluğun maliyyələşdirilməsi risklərinin azaldılması üzrə prosedurları nizamnamədə göstərməli olacaqlar.

Digər xəbərlər