“Fitch” “Cənub Qaz Dəhlizi”nin reytinqini “BBB-” səviyyəsində saxlayıb

Foto: Official website the President of Azerbaijan, CC BY 4.0, Wikimedia Commons
26-11-2026 07:04

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” “Cənub Qaz Dəhlizi” QSC-nin uzunmüddətli emitent defolt reytinqini sabit proqnozla “BBB-” səviyyəsində təsdiqləyib. Bu, Azərbaycanın öz suveren reytinqi ilə eynidir.

Agentlik reytinqi dövlətin reytinqinə bərabər tutmasını şirkətin bütün borc öhdəliklərinin dövlət zəmanəti ilə təmin olunması ilə izah edir. “Fitch”in məlumatına görə, oktyabrın sonuna bu vəziyyət belə idi və agentlik bunun proqnoz dövrü boyu davam edəcəyini gözləyir.

Sentyabrda Azərbaycan şirkətdəki 12,5 faizlik payını Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) investisiya bölməsi olan “XRG SGC Limited”ə satıb. Bundan sonra dövlətin birbaşa payı 2025-ci ilin sonundakı 49 faizdən 36,5 faizə düşüb; daha 51 faiz isə dövlətə məxsus SOCAR vasitəsilə idarə olunur. Agentlik deyir ki, qərar səlahiyyəti Azərbaycanda qaldığı üçün qiymətləndirmənin quruluşu dəyişməyib.

“Fitch” şirkətin güclü tərəfləri kimi yüksək pul axınını və qazın nəqli üzrə uzunmüddətli müqavilələrdən gələn sabit gəliri göstərir. Riskləri isə hasilatda qiymət dəyişkənliyi, “Şahdəniz” yatağının təbii tükənməsi, həmçinin Azərbaycan, Gürcüstan və Türkiyədəki tərəfdaş riskləri və iş mühiti ilə bağlayır.

Agentliyin qiymətləndirməsinə görə, İranla münaqişə zonasına yaxınlığına baxmayaraq, müharibə şirkətin aktivlərinə zərər vurmayıb və logistikada fasilə yaranmayıb. “Fitch” 2026-2029-cu illərdə şirkətin ildə təxminən 200 milyon dollar kapital xərci çəkəcəyini, sərbəst pul axınının müsbət qalacağını, hasilat seqmentinin gəlirinin isə 2027-ci ildən azalmağa başlayacağını gözləyir.

Digər xəbərlər