İsveçrə Özbəkistanın sabiq prezidentinin qızından müsadirə olunan 252 milyon dolları qaytarır

Arxiv foto: Timir01, CC BY-SA 3.0, Wikimedia Commons
25-11-2026 16:46

İsveçrə Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın müsadirə edilmiş aktivlərindən daha 252,5 milyon dolları Özbəkistana qaytaracaq. Bu barədə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, vəsait “Uzbekistan Vision 2030 Fund” trast fondu vasitəsilə əhalinin sosial rifahına və insan kapitalının inkişafına, əsasən təhsil və səhiyyəyə yönəldiləcək.

İki ölkə arasında Kərimovanın aktivlərinin qaytarılmasına dair saziş 2022-ci ilin avqustunda Berndə imzalanıb. İsveçrə banklarında ümumilikdə 840 milyon dollar dondurulmuşdu. Tərəflər 2022-ci ildə təxminən 131 milyon, 2025-ci ildə isə 182 milyon dollara yaxın vəsaitin qaytarılması barədə razılığa gəlib; yeni məbləğlə birlikdə bu rəqəm təxminən 565,5 milyon dollara çatır.

Gülnarə Kərimova atasının hakimiyyəti dövründə Xarici İşlər Nazirliyində çalışıb, 2008-2013-cü illərdə Özbəkistanın BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi olub. O, 2015-ci ildən maliyyə cinayətləri üzrə bir neçə dəfə məhkum edilib.

İstintaqın versiyasına görə, Kərimova mobil rabitə lisenziyaları müqabilində əsasən xarici telekommunikasiya şirkətlərindən təxminən 1 milyard dollar rüşvət alıb. Özbəkistan hakimiyyəti onun və yaxın çevrəsinin xaricdəki aktivlərini təxminən 1,4 milyard dollar qiymətləndirir.

Digər xəbərlər