Azərbaycan doqquz ayda 3,8 milyard dollarlıq qızıl satıb, Bakıda qızılın qiyməti ucuzlaşır
Azərbaycan bu ilin yanvar-sentyabr aylarında xaricə 3,78 milyard dollar dəyərində 25,4 ton emal olunmamış və yarımişlənmiş qızıl satıb. Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyərcə 16, həcmcə 7 dəfə çoxdur. İxracın təxminən 92 faizi Böyük Britaniyaya gedib.
Azadlıq Radiosu yazır ki, dünya bazarında qızılın ucuzlaşması Bakının qızıl bazarında da hiss olunur. Radioya danışan satıcının sözlərinə görə, noyabrın əvvəlində 150-170 manata satılan 585 əyarlı qızılın qramı indi 130-150 manata, 999 əyarlı qızılın qramı isə 220-250 manata enib; ucuzlaşma alıcı fəallığını artırıb, amma əvvəl baha alınmış mal satıcıları çətin vəziyyətə salıb.
Noyabrın sonlarında qızılın bir unsiyası 3485 dollaradək geriləyərək 2025-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə düşüb. Bir həftədə təxminən 9 faiz ucuzlaşma ABŞ-də faiz dərəcələrinin artırılacağı gözləntisi və dolların möhkəmlənməsi ilə izah olunur.
Son illərdə Azərbaycan dövlət ehtiyatlarının mühüm hissəsini qızıla yönəltmişdi: ölkə 2024-cü ildə 3,31 milyard dollarlıq (41,1 ton), 2025-ci ildə isə 6,26 milyard dollarlıq (57,5 ton) qızıl idxal edib. Bu ilin doqquz ayında isə idxal həcmcə 99,6 faiz azalaraq cəmi 170,8 kiloqrama enib.
Dövlət Neft Fondu qızıl ehtiyatını 2024-cü ilin sonundakı 146,6 tondan ötən ilin sonunda 200 tona çatdırmışdı. Fond bu ilin birinci rübündə 21,9 ton qızıl satıb və bunu portfelin yenidən balanslaşdırılması ilə izah edib. Maliyyə naziri Sahil Babayev noyabrın 4-də parlamentdə Fondun qızılı unsiyası 5 min dolları ötəndən sonra satmağa başladığını və bundan “kifayət qədər böyük qazanc” əldə etdiyini deyib.
Mərkəzi Bankın sədri Taleh Kazımovun sözlərinə görə, qızıl nəzərə alınmasa, doqquz ayda ölkənin ümumi ixracı 9,6 faiz, qeyri-neft ixracı isə 20 faiz artıb.

