İnanclı məhbus Alim Yusifovun ailəsi onun yenidən cəza kamerasında saxlanıldığını və aclıq elan etdiyini deyir
Foto: Jobs For Felons Hub, CC BY 2.0, Wikimedia CommonsGəncə hadisələri ilə bağlı əvvəllər də həbs edilmiş inanclı məhbus Alim Yusifovun ailəsi deyir ki, o, yenidən intizam kamerasında (kars) saxlanıldığına etiraz olaraq aclıq elan edib.
Ailə “Meydan TV”yə bildirib ki, Yusifov noyabrın 18-də 6 günlük karsa salınıb, müddət bitəndən sonra isə öz kamerasına qaytarılmayıb: noyabrın 24-də onun karsda qalma müddəti daha 7 gün uzadılıb. Yeni cəzanın səbəbi ailəyə açıqlanmayıb.
Ailənin dediyinə görə, ilk cəzanın səbəbi görüş otağı ilə bağlı mübahisə olub. Həyat yoldaşı Türkan Əhmədova görüş zamanı otaqdan istifadə üçün onlardan 70 manat tələb edildiyini, Yusifovun pul verməkdən imtina etdikdən sonra müəssisə əməkdaşları ilə mübahisə etdiyini və bundan sonra karsa salındığını deyib.
Ailə məhbusun səhhətindən narahatdır. Onların sözlərinə görə, Yusifovun ödündə problem, böyrəyində daş var, mədə-bağırsaq xəstəliyindən əziyyət çəkir. Ailə hər görüşə dərman və ərzaqla birlikdə təxminən 800 manat xərclədiyini, buna görə bəzən görüşə gedə bilmədiyini də deyir.
Ailə Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə şikayət etsə də, cavab almadığını bildirir. Penitensiar Xidmət “Meydan TV”nin suallarına da hələlik cavab verməyib.
Alim Yusifov 2018-ci ildə Gəncə şəhər icra başçısı Elmar Vəliyevə sui-qəsd cəhdi və həmin ilin iyulunda baş verən etiraz aksiyası ilə əlaqədar saxlanılıb, 2019-cu ildə 7 il 6 ay həbs cəzası alıb. O, 2023-cü ilin dekabrında əfv olunub. 2024-cü ilin mayında Gəncə Ağır Cinayətlər Məhkəməsi onu satış məqsədilə narkotik vasitələrin dövriyyəsi ittihamı ilə 5 il 6 ay həbs cəzasına məhkum edib.
