Qazaxıstan neftini Azərbaycan üzərindən daha çox ixrac etmək üçün SOCAR-dan tranzit tarifini endirməyi istəyir

Foto: Peretz Partensky from San Francisco, USA, CC BY-SA 2.0, Wikimedia Commons
25-11-2026 21:10

Qazaxıstanın dövlət neft şirkəti “KazMunayQaz” və SOCAR Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqli üçün tarifin endirilməsi barədə danışıqlar aparır. Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel səfirliyin “Telegram” kanalında yayılan müsahibəsində deyib.

Səfirin sözlərinə görə, Qazaxıstan həm Bakı-Tbilisi-Ceyhan, həm də Bakı-Supsa kəmərini doldurmağa hazırdır, lakin məsələ marşrutun iqtisadi sərfəliliyinə dirənir. “Sadə dillə desək, neftimizi Xəzər Boru Kəməri Konsorsiumu (KTK) ilə ixrac etmək xeyli ucuzdur”, - deyə Bayel bildirib. KTK kəməri Qazaxıstan neftini Rusiya ərazisindən keçərək Novorossiysk limanına çatdırır.

Bayel Azərbaycan istiqamətini ixrac marşrutlarının şaxələndirilməsi baxımından strateji adlandırıb, amma hazırkı həcmləri “təvazökar” sayıb: ötən il Qazaxıstan bu yolla təxminən 1,2 milyon ton neft ixrac edib. Səfirin fikrincə, rəqabətədavamlı tariflər razılaşdırılsa, ixrac əhəmiyyətli dərəcədə arta bilər.

Qazaxıstan Energetika Nazirliyi daha əvvəl 2026-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri ilə 1,6 milyon ton neft ixrac etməyi planlaşdırdığını açıqlamışdı. Səfir 2026-cı ildə tranzitin ötən ilin həcmini keçəcəyini, 2027-ci ildə isə daha da artacağını gözləyir.

Digər xəbərlər