Kuşner: Putin Avropanı sülhə hazır görmədiyi üçün Avropa Əbu-Dabi danışıqlarına çağırılmayıb

Foto: U.S. Embassy Jerusalem, CC BY 2.0, Wikimedia Commons
26-11-2026 03:47

ABŞ prezidenti Donald Trampın xüsusi elçisi və kürəkəni Cared Kuşner deyib ki, Ukraynadakı müharibə mahiyyətcə Avropanın Rusiyaya qarşı proksi müharibəsinə çevrilib. Onun sözlərinə görə, bu müharibədə Avropa Ukraynanı maliyyələşdirir və silahlandırır.

Kuşner bunu “Axel Springer” media şirkətinin rəhbəri Matias Döpfnerin podkastında danışıb. O, Avropanın noyabrın əvvəlində Birləşmiş Ərəb Əmirliklərində Ukrayna, Rusiya və ABŞ arasında keçirilən danışıqlara buraxılmamasını Rusiya prezidentinin mövqeyi ilə izah edib: “Prezident Putin Avropa tərəfindən çoxlu təxribat xarakterli bəyanat və addımlar görür. Ona görə də onların sülhə hazır olduğunu düşünmür, Rusiyanın strateji məğlubiyyətini istədiklərini hesab edir”.

Xüsusi elçi müharibəni uzun illər ərzində bir çox liderin “pis qərarlarının və səhv hesablamalarının” nəticəsi adlandırıb, Avropada “əsassız qorxuların” çox olduğunu deyib. Onun fikrincə, vəziyyətin daha geniş miqyaslı müharibəyə çevrilməsi üçün çox səhv lazım deyil.

Kuşner deyib ki, ABŞ-nin indi məşğul olduğu əsas məsələ müharibədən sonra Avropada təhlükəsizlik quruluşudur. Onun sözlərinə görə, belə bir razılaşma ərazi məsələsini, o cümlədən Ukraynanın torpaqlarının bir hissəsini Rusiyaya verib-verməyəcəyini həll etməyi asanlaşdırar: “İnsanlar uzunmüddətli sabitlik və sülhə yol görəndə xəttin harada çəkiləcəyi məsələsində bir az daha çevik olacaqlar”.

Kuşner həmçinin bildirib ki, Vaşinqton son iki ayda Avropa ilə intensiv işləyib, Rusiya tərəfi ilə də təklifləri dəfələrlə qapalı şəkildə müzakirə edib. “Artıq nizamlama konsepsiyamız formalaşıb. Uğurlu olub-olmayacağını deyə bilmərəm, amma hər iki tərəf bu yanaşmanı sınamağa hazır görünür”, - deyə o əlavə edib.

Kiyev və Avropa paytaxtları Kuşnerin bu sözlərinə hələlik cavab verməyib. Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov isə daha əvvəl Moskvanın Əbu-Dabidə noyabrın 10-11-də keçirilən formatda danışıqları davam etdirməyə hazır olduğunu demişdi.

Digər xəbərlər