Tramp administrasiyası Çin, Avropa İttifaqı və daha 12 tərəfdaşa yeni gömrük rüsumları təklif edir

Foto: Los-Anceles limanı. Downtowngal, CC BY-SA 4.0, Wikimedia Commons
25-11-2026 18:38

ABŞ Ticarət Nümayəndəliyi 14 əsas ticarət tərəfdaşına yeni gömrük rüsumları tətbiq etmək planını açıqlayıb. Siyahıda Çin, Avropa İttifaqı, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, İsveçrə, Banqladeş, Kamboca, İndoneziya, Malayziya, Sinqapur, Tailand və Vyetnam var. Ən yüksək dərəcələr Çinə təklif olunur.

Vaşinqton bu ölkələri subsidiyalar və dövlət dəstəyi ilə tələbatdan artıq istehsal edərək dünya bazarlarını ucuz mallarla doldurmaqda ittiham edir. Səkkiz ay davam edən araşdırma polad və avtomobildən çiplərə və günəş panellərinə qədər sahələri əhatə edib. Araşdırılan 16 iqtisadiyyatdan Meksika və Norveç hələlik rüsumdan kənarda qalıb.

Rüsumlar 1974-cü il ticarət qanununun 301-ci bölməsi əsasında tətbiq olunur. ABŞ Ali Məhkəməsi fevralda Donald Trampın 2025-ci ilin aprelində fövqəladə səlahiyyətlər qanunu ilə tətbiq etdiyi geniş rüsumları ləğv etmişdi. Administrasiya bundan sonra 60 iqtisadiyyata 10-12,5 faizlik rüsumlar qoyub; Reuters agentliyinin ABŞ rəsmisinə istinadən yazdığına görə, yeni rüsumlar onların üzərinə əlavə edilməyəcək.

Ticarət siyasəti üzrə ekspert Dmitri Qrozubinski “Al Jazeera”yə deyib ki, 301-ci bölmə bir ölkəyə bir sahə üzrə tez cavab vermək üçün nəzərdə tutulub: “Bu qanun neştər olmalıdır, onu alov atan kimi işlədirlər”.

Azərbaycan yeni siyahıda yoxdur. Amma Çin və Avropa İttifaqı ilə ticarət müharibəsinin kəskinləşməsi dünya iqtisadiyyatının artımına və neft tələbatına təsir edə bilər.

Digər xəbərlər