Ali Məhkəmə “Azərenerji”nin törəməsinin 188 min manatlıq su borcunu ödəməli olduğunu təsdiqləyib

İllüstrativ foto: Matthew Bowden, Wikimedia Commons
25-11-2026 16:12

Ali Məhkəmə noyabrın 23-də “Azərenerji”nin törəmə müəssisəsi “Bakı Elektrik İstilik Mərkəzi” MMC ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” arasındakı borc mübahisəsinə son qoyub. Müəssisə su təchizatı və tullantı sularının axıdılmasına görə 188 min 533 manat borcu ödəməlidir.

Azadlıq Radiosu yazır ki, su təchizatı qurumunun iddiasına görə, 2025-ci ilin sonuna 190 min manata yaxın ödənilməmiş borc qalıb və müəssisəyə hər ay bildiriş göndərilsə də, nəticəsi olmayıb. Qurum Bakı Kommersiya Məhkəməsinə iddia verib və məhkəmə iddianı təmin edib. Cavabdeh bununla razılaşmayaraq əvvəlcə apellyasiya, sonra Ali Məhkəməyə kassasiya şikayəti verib.

“Bakı Elektrik İstilik Mərkəzi”nin nümayəndəsi məhkəmədə iddia müddətinin keçdiyini, borcu təsdiqləyən etibarlı sübutların olmadığını deyib. Məhkəmələr isə borcun mövcud olduğu qənaətinə gəlib. Qərarda deyilir ki, 2017-2025-ci illərin satış-ödəniş cədvəlinə görə, cavabdeh müxtəlif vaxtlarda ödəniş edib, qalıq borclar isə sonrakı dövrlərə keçirilib və bununla borc münasibəti etiraf olunub.

“Bakı Elektrik İstilik Mərkəzi” elektrik və istilik enerjisi istehsal edir, paytaxtın enerji təminatında və bəzi ərazilərin istiliklə təchizatında iştirak edir. Hər iki tərəf dövlət qurumlarıdır.

Digər xəbərlər