Altı əməkdaşı həbsdə olan “Abzas Media” beynəlxalq “İfadə Azadlığı Mükafatı”nı qazanıb

Foto: Voice of America, Public domain, Wikimedia Commons
26-11-2026 11:49

Fəaliyyətini mühacirətdə davam etdirən “Abzas Media” 2026-cı il “İfadə Azadlığı Mükafatı”nın (Freedom of Expression Awards) jurnalistika kateqoriyası üzrə qalibi olub. Mükafatı söz azadlığını müdafiə edən “Index on Censorship” təşkilatı verir.

Təşkilatın icraçı direktoru Cemima Steynfeld bildirib ki, nəşrin redaksiyası Azərbaycan həbsxanaları ilə mühacirət arasında bölünsə də, jurnalistlər hakimiyyəti sorğulamağa davam edirlər. “Bu, göstərir ki, repressiyalar bu jurnalistlərin yaradıcılığı və cəsarəti qarşısında acizdir”, - Steynfeld deyib. Təşkilat Azərbaycanda həbsdə olan bütün jurnalistlərin azad edilməsi çağırışını da təkrarlayıb.

“Index on Censorship” namizədləri təqdim edərkən 2016-cı ildə yaradılan “Abzas Media”nın yüksəkvəzifəli məmurlar, o cümlədən prezidentin ailəsi və yaxın ətrafı ilə bağlı korrupsiya və maliyyə şəbəkələri barədə araşdırmalar dərc etdiyini qeyd edib.

Redaksiyanın mükafatla bağlı yaydığı mesajda deyilir ki, Azərbaycanda jurnalistlər korrupsiyanı və dövlət vəsaitlərindən sui-istifadəni üzə çıxardıqlarına görə azadlıqdan məhrum edilirlər. “Bu mükafat öz səlahiyyətlərindən sui-istifadə edən və azad sözü susdurmağa çalışanların məqsədlərinə çata bilmədiklərinin sübutudur”, - mesajda bildirilir.

“Abzas Media”ya qarşı cinayət işi üç il əvvəl başlayıb. Nəşrin rəhbəri Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və digər əməkdaşları qaçaqmalçılıq və başqa maddələrlə uzunmüddətli həbs cəzası alıblar. Jurnalistlər ittihamları rədd edir və həbsi araşdırmalarına görə cəza sayırlar; beynəlxalq insan haqları təşkilatları da onların azad edilməsini tələb edir.

Digər xəbərlər