Ermənistan hökuməti Naxçıvan marşrutunu tikəcək TRIPP şirkətinin yaradılmasını təsdiqləyib

Foto: Vahe Martirosyan, CC BY 2.0, Wikimedia Commons
26-11-2026 11:54

Ermənistan hökuməti “TRIPP Development Company” adlı səhmdar cəmiyyətin yaradılmasına dair saziş layihəsini təsdiqləyib. Şirkət Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsini həyata keçirəcək.

“Bu gün TRIPP layihəsinin həyata keçirilməsində daha bir mühüm mərhələyə qədəm qoyuruq”, - Baş nazir Nikol Paşinyan hökumət iclasında deyib.

Saziş Ermənistan hökuməti ilə ABŞ-də yaradılmış “TRIPP Development Company US” arasında imzalanacaq. Sənədin bir həftə ərzində imzalanması, sonra isə şirkətin Ermənistanda qeydiyyata alınması gözlənilir.

Ermənistanın ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Kristine Qaleçyanın sözlərinə görə, şirkətin idarə heyəti beş nəfərdən ibarət olacaq, onlardan ikisini Ermənistan tərəfi təyin edəcək. Bu o deməkdir ki, idarə heyətində çoxluq ABŞ tərəfində olacaq.

TRIPP barədə razılıq 2025-ci il avqustun 8-də Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə paraflanan Azərbaycan-Ermənistan sülh sazişi çərçivəsində əldə olunub. Tramp və Paşinyan marşrutun rəsmi startını noyabrın 23-də elan ediblər. Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyanın sözlərinə görə, Sünikdən keçəcək dəmir yolunun tikintisinə 2027-ci ildə başlanması planlaşdırılır.

Digər xəbərlər