SEPAH: Hörmüz boğazında daha iki neft tankeri minaya düşüb alovlanıb
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri noyabrın 26-da səhər saatlarında Hörmüz boğazında daha iki neft tankerinin dəniz minasına düşərək alovlandığını açıqlayıb. Korpusun İran dövlət televiziyası İRİB-in yaydığı açıqlamasına görə, hadisə Omanın Xəsəb limanının şimalında baş verib.
SEPAH gəmiləri “pozucu tankerlər” adlandırır. Korpusun iddiasına görə, tankerlərdən biri 2 milyon bareldən çox neft daşıyan supertanker olub; hər iki gəmi naviqasiya sistemlərini söndürüb və boğazdan Tehranla razılaşdırılmamış marşrutla keçməyə çalışıb.
Bir gün əvvəl SEPAH boğazda bir maye qaz gəmisinin və bir neft tankerinin də minaya düşdüyünü bildirmişdi. Korpus Oman sahillərinə yaxın keçən marşrutun təhlükəli olduğunu və Hörmüz boğazının tam olaraq İran silahlı qüvvələrinin nəzarətində qaldığını dəfələrlə bəyan edib.
Dünyada dəniz yolu ilə daşınan neftin və maye qazın böyük hissəsi Hörmüz boğazından keçir. Boğazdakı gərginlik fonunda Azərbaycanın “Azeri Light” neftinin bir barelinin qiyməti noyabrın 26-da yenidən 100 dolları keçib; Azərbaycanın 2026-cı il büdcəsi isə neftin 65 dollar olacağı ehtimalı ilə hazırlanıb.

