Putin Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarına “cavabın qaçılmaz olduğunu” deyir
Arxiv foto: kremlin.ru, CC BY 4.0, Wikimedia CommonsRusiya prezidenti Vladimir Putin Ukraynanın Rusiyadakı neft emalı müəssisələrinə hücumlarına cavab veriləcəyini bildirib. O, bu sözləri Kremldə yanacaq-energetika kompleksinin inkişaf strategiyası üzrə komissiyanın iclasında deyib: “Bizim tərəfdən cavab addımları qaçılmazdır, bunu hamı bilməlidir”.
Putin iddia edib ki, Kiyev ABŞ prezidenti Donald Trampın hücumlardan çəkinmək barədə “birbaşa xahişinə” baxmayaraq, neft emalı zavodlarını vurmağa davam edir. Ukrayna tərəfi bu açıqlamaya hələlik cavab verməyib.
Rusiya prezidentinin sözlərinə görə, Ukraynanın iyunun əvvəlində başladığı və “40 gün” üçün hesablandığı deyilən eskalasiya Rusiyaya kritik ziyan vura bilməyib. Bununla belə, o, zavodların və orada çalışan işçilərin təhlükəsizliyini artırmaq üçün əlavə tədbirlərin müzakirəsini təklif edib.
Eyni iclasda Putin Rusiya yanacağının tədarükünü məhdudlaşdırmaq cəhdlərinin avropalıların özlərinə ziyan vuracağını da deyib. O, Rusiyanın Avropaya enerji ixracını məhdudlaşdırmadığını iddia edib və ölkədə benzin qiymətlərinin sabitləşdiyini bildirib.
Ukrayna son aylarda Rusiyanın neft emalı və ixrac infrastrukturuna pilotsuz uçan aparatlarla hücumları artırıb. Bu, Rusiya daxilində yanacaq bazarına və neft qiymətlərinə təsir göstərir; neft qiymətindən asılı olan Azərbaycan büdcəsi üçün də bu proseslər əhəmiyyətlidir.


