Əliyev: son bir ildə Azərbaycan ərazisindən Ermənistana 100 min tondan çox yük daşınıb
Prezident İlham Əliyev deyib ki, son bir il ərzində Azərbaycan ərazisindən Ermənistana 100 min tondan artıq yük daşınıb.
Prezidentin açıqlamasına görə, o, bunu noyabrın 25-də Litvanın xarici işlər naziri Kestutis Budrisi qəbul edərkən deyib. Əliyev münasibətlərin normallaşması fonunda Azərbaycanla Ermənistan arasında iqtisadi və ticarət əlaqələrinin qurulduğunu, üçüncü ölkələrdən Ermənistana və Ermənistandan üçüncü ölkələrə yüklərin Azərbaycan ərazisi ilə tranzit daşınması üçün imkan yaradıldığını bildirib.
Prezident yüklərin növünü, marşrutunu və hansı ölkələrdən gəldiyini açıqlamayıb.
Xarici işlər naziri Ceyhun Bayramov da həmin gün Budrislə birgə mətbuat konfransında Ermənistanla normallaşma prosesində “müsbət mənada inkişaflar” olduğunu deyib. O, bunlar sırasında ötən ildən Azərbaycan üzərindən Ermənistana tranzit yüklərin daşınmasına başlanmasını, Ermənistanda yeni konstitusiya layihəsinin dərc edilməsini və “Tramp marşrutu” (TRIPP) layihəsi üzrə işlərin başlamasını sadalayıb.
Ermənistan Xarici İşlər Nazirliyi bu həftə Sünik bölgəsindən keçəcək TRIPP dəmir yolunun tikintisinə 2027-ci ildə başlanmasının planlaşdırıldığını bildirib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə noyabrın əvvəlində Azərbaycan yüklərinin də Ermənistan ərazisindən keçəcəyini demişdi.


