Gələn ilin əvvəlindən 1,1 milyon nəfərin pensiyası indeksləşdiriləcək

İllüstrativ foto: Adam Jones, CC BY-SA 2.0, Wikimedia Commons
25-11-2026 16:52

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 1,1 milyon nəfəri əhatə edən pensiyaların 2027-ci ilin əvvəlindən indeksləşdirilərək artırılacağını bildirib. O, bunu nazirliyin 2026-cı ilin on ayının yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.

Nazirin sözlərinə görə, prezidentin göstərişi ilə gələn il növbəti, altıncı sosial paket icra olunacaq. Nazirliyin məlumatına görə, son yeddi ildə icra edilən beş sosial paketə illik əlavə 8 milyard manat ayrılıb; bu müddətdə minimum əməkhaqqı 3,1 dəfə, minimum və orta aylıq pensiya isə 2,9 dəfə artıb.

Qanuna görə, əmək pensiyalarının sığorta hissəsi hər il əvvəlki ildə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun indeksləşdirilir. Nazir gələn ilin indeksləşdirmə faizini açıqlamayıb.

Pensiya sistemi ilə bağlı rəsmi qiymətləndirmələr fərqlidir. Hesablama Palatası bu ay Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlılığı üçün risk gördüyünü bildirib: Palataya görə, fondun hesabladığı, amma büdcənin ödəmədiyi dövlət öhdəlikləri 2018-2025-ci illərdə 9,8 milyard manata çatıb. Palatanın digər hesabatında 65 yaşdan yuxarı əhalinin altı ildə 50 faiz artdığı, əmək pensiyası alanların sayının isə azaldığı qeyd olunub.

Digər xəbərlər