“Lukoil”un Azərbaycan əsilli təsisçisi: Xarici bazarı tərk etməyimiz siyasi qərar idi
Arxiv foto: Russian Presidential Press and Information Office, CC BY 3.0, Wikimedia CommonsRusiyanın “Lukoil” neft şirkətinin təsisçisi Vahid Ələkbərov şirkətin beynəlxalq bazarı tərk etməsinin onun öz istəyi olmadığını, siyasi amillərdən qaynaqlandığını deyib. Ələkbərov bunu Rusiya dövlət televiziyasının “Vesti” informasiya xidmətinə verdiyi müsahibədə bildirib.
“Beynəlxalq bazardan getmək qərarını “Lukoil” özü verməyib. Bunlar daha çox siyasi faktlardır. Pərdəni tam bağlamırıq, ora qayıtmağa hələ ümid edirik”, - deyə Ələkbərov bildirib. Onun sözlərinə görə, şirkət Afrikada, Latın Amerikasında və Şərqdə işlədiyi bütün ölkələrdə müsbət rəy qazanıb və bu ölkələrin “yenidən onları çağıracağına” ümid edir.
Ələkbərovun açıqlaması “Lukoil”un 11 ölkədəki xarici aktivlərini amerikalı milyarder Todd Boelinin başçılıq etdiyi konsorsiuma satmaq barədə razılaşmasının xəbəri yayılandan bir gün sonra gəlir. Satılan portfelə şirkətin Azərbaycandakı “Şahdəniz” qaz yatağındakı payı da daxildir. Konsorsiumda ABŞ hökumətinin nəzarətindəki Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyası da təmsil olunur.
ABŞ Maliyyə Nazirliyi “Lukoil”a 2025-ci ilin oktyabrında sanksiya tətbiq edib; şirkət o vaxtdan xarici aktivlərini satmağa məcbur qalıb. Sövdələşmə hələ ABŞ Maliyyə Nazirliyinin yoxlamasından keçməlidir.
Ələkbərov 1950-ci ildə Bakıda doğulub, karyerasına Xəzər dənizindəki neft yataqlarında başlayıb. O, “Lukoil”u 1991-ci ildə təsis edib və 2022-ci ilədək şirkətin prezidenti olub.

