Balakənin sabiq icra başçısı İslam Rzayevin 3 milyon manatlıq əmlakına DTX-nin vəsatəti ilə həbs qoyulduğu bildirilir

Foto: Golden, CC BY-SA 4.0, Wikimedia Commons
25-11-2026 15:13

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevin əmlakına Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında həbs qoyulduğu bildirilir.

“Qafqazinfo” saytının əldə etdiyi məlumata görə, həbs qoyulan mülklərin demək olar hamısı Bakıdadır, ümumi dəyəri isə 3 milyon manata yaxındır.

DTX İslam Rzayevi vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə, dəfələrlə külli miqdarda rüşvət alma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada ittiham edir. Qurum istintaqı bitirib və yekun ittiham irəli sürüb. Bu maddələr 10 ildən çox həbs cəzası nəzərdə tutur.

İşə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə baxılacaq. İlk iclasın cümə günü keçiriləcəyi bildirilir.

İslam Rzayev ötən il DTX-nin keçirdiyi əməliyyatla saxlanılıb.

Digər xəbərlər