REAL-ın keçmiş sədri İlqar Məmmədov: Bakıya diplomat axını ATƏT sədrliyi və siyasi məhbusların əfvi ilə bağlı ola bilər

Foto: Voice of America, Public domain, Wikimedia Commons
25-11-2026 15:00

REAL Partiyasının keçmiş sədri, partiyanın Siyasi Komitəsinin üzvü İlqar Məmmədov son günlər Bakıya ard-arda gələn xarici rəsmilərin səfərlərini Azərbaycanın ATƏT-ə mümkün sədrliyi ilə əlaqələndirir.

Məmmədov “Facebook” səhifəsində yazıb: “Dekabrın əvvəli Azərbaycan 1 il müddətinə ATƏT sədrliyinə yiyələnəcək. Əgər səbəb budursa, onda ilin sonunda bir qisim siyasi məhbusun əfvlə azad olunması haqda müzakirə də gedir ki, üzv dövlətlər bu sədrliyi beynəlxalq insan haqları təşkilatlarına əsaslandıra bilsinlər”.

Son bir həftədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful, İtaliyanın xarici işlər naziri Antonio Tayani, Monteneqronun Baş naziri Miloyko Spayiç, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və Litvanın xarici işlər naziri Kestutis Budris Bakıya gəlib. ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullin də noyabrın 22-də Azərbaycanda olub. Rəsmi açıqlamalarda görüşlərdə enerji, ticarət, Orta Dəhliz və Azərbaycan-Ermənistan sülh prosesinin müzakirə edildiyi bildirilir.

Noyabrın 23-də 46 beynəlxalq və yerli vətəndaş cəmiyyəti təşkilatı “Human Rights House Foundation” insan haqları fondunun saytında yayılan birgə bəyanatla ATƏT-in 57 iştirakçı dövlətinə müraciət edib və Azərbaycanın 2027-ci ildə təşkilata sədrlik etməsinə razılıq verməməyə çağırıb.

İlqar Məmmədov başqa ehtimalları da istisna etmir. O yazıb ki, səfərlər İran ətrafındakı gərginliklə bağlı olsaydı, neftin qiyməti də qalxardı, amma qalxmır; qazın yaxın aylarda bahalaşacağı gözləntisi isə səfərlərin coğrafiyasını “daha ağlabatan edir, amma tam da izah etmir”.

Digər xəbərlər