Xaricdəki jurnalist Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlunun Britaniyada 10 milyon funtluq əmlak aldığını iddia edir
Xaricdə yaşayan jurnalist Cavanşir Həsənli iddia edir ki, Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubov Böyük Britaniyada ümumi alış qiyməti təxminən 10 milyon funt sterlinq olan 17 daşınmaz əmlaka sahibdir.
Cavanşir Həsənli sosial media hesabında yazıb ki, əmlaklar son 14 ildə Orxan Eyyubovun benefisiarı olduğu “New Canada Capital Ltd” şirkəti vasitəsilə alınıb. Jurnalistin paylaşımında Britaniya əmlak reyestrindəki qeydiyyat nömrələri və bir sıra obyektlərin alış qiymətləri də göstərilib.
Siyahıda Londonun Putni və Riçmond rayonlarındakı binalarla yanaşı, Banberi, Bakingem, Uinçester, Sevenoks, Northempton və Vindzor şəhərlərinin mərkəzi küçələrindəki ticarət binaları var. Həsənlinin yazdığına görə, ən bahalısı 2,2 milyon funta alınan Banberidəki bina, Vindzordakı ünvan isə əvvəllər “Barclays” bankının istifadəsində olub. Jurnalist şirkətin idarə etdiyi aktivlərin 2026-cı il üzrə ümumi dəyərinin 17 milyon funtdan çox olduğunu da yazıb.
81 yaşlı Yaqub Eyyubov 2003-cü ildən bəri Baş nazirin birinci müavini vəzifəsindədir.
İddianı hökumətə yaxın “Qafqazinfo” saytı da bütün siyahı ilə birlikdə yayıb.
