Paşinyan Rusiya FSB-nin sərhədçilərinin yaxın illərdə Ermənistandan tamamilə gedəcəyini deyib

Foto: Official website of the President of Russia, CC BY 4.0, Wikimedia Commons
26-11-2026 13:31

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhəd qoşunlarının yaxın illərdə ölkədəki fəaliyyətini tamamilə dayandıracağını bildirib. Paşinyan noyabrın 26-da jurnalistlər üçün brifinqdə Ermənistanın artıq öz sərhədlərini təkbaşına qoruya biləcəyini deyib.

“Rusiya sərhədçilərinə bu müddətdə sərhədlərimizdə dayandıqları üçün minnətdarıq. Amma düşünürəm ki, gələcək illərdə sərhədlərimizə görə məsuliyyəti tamamilə öz üzərimizə götürməyimizin vaxtı çatıb”, - Paşinyan deyib.

Rusiya FSB-nin sərhədçiləri 1992-ci ildə imzalanmış müqavilə əsasında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları ilə birlikdə ölkənin Türkiyə və İranla sərhədlərini qoruyur. 2024-cü ilin avqustunda onlar Yerevanın “Zvartnots” hava limanından, 2025-ci ilin yanvarında İranla sərhəddəki “Aqarak”, fevralında isə Türkiyə ilə sərhəddəki keçid məntəqəsindən çıxarılıb.

Rusiyanın Ermənistanda başqa hərbi varlığı da var: 1995-ci ildən Gümrüdə 102-ci rus hərbi bazası yerləşir. Paşinyan sentyabrın 17-də bazanın ölkənin təhlükəsizliyi üçün “həyati əhəmiyyət daşımadığını” demiş, Rusiya onu çıxarmaq istəsə Yerevanın etiraz etməyəcəyini bildirmişdi.

Paşinyanın sözləri Ermənistan hökumətinin Azərbaycanı Naxçıvanla birləşdirəcək ABŞ dəstəkli “Tramp marşrutu” (TRIPP) üzrə şirkətin yaradılmasını təsdiqlədiyi gün səslənib.

Digər xəbərlər