Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanda yenidən görüşür

Foto: Vyacheslav Argenberg, CC BY 4.0, Wikimedia Commons
26-11-2026 11:28

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri noyabrın 26-27-də Ermənistanda geniştərkibli dəyirmi masada bir araya gəlir. Bu barədə “Sülh körpüsü” dialoq platformasının mətbuat açıqlamasında bildirilib.

Açıqlamaya görə, görüşdə 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılan sülh gündəliyi, sülh prosesinin möhkəmləndirilməsi, iki cəmiyyət arasında etimad tədbirləri, Cənubi Qafqazda ticarət və bağlantı marşrutları müzakirə ediləcək. Gündəliyə humanitar məsələlər, gənclər və təhsil sahəsində əməkdaşlıq da daxildir.

Platformanın ilk görüşü 2025-ci il oktyabrın 21-22-də Yerevanda, ikincisi noyabrın 21-22-də Bakıda, üçüncüsü bu il aprelin 10-12-də Qəbələdə keçirilib.

Dördüncü görüş sentyabrda Yerevanda olmalı idi, lakin Bakının təşəbbüsü ilə təxirə salınmışdı. Bunun səbəbi prezidentin köməkçisi Hikmət Hacıyevin xarici diplomatlarla Qarabağa səfəri zamanı iki monastırı “Qafqaz Albaniyası kilsələri” adlandırmasından sonra yaranan mübahisə idi. Erməni tərəfi abidələrin erməni irsinə aid olduğunu və bunun inkarının sülhə zərər vurduğunu deyirdi.

Azərbaycan və Ermənistan 2025-ci ilin avqustunda Vaşinqtonda paraflanan sülh sazişində bir-birinin ərazi bütövlüyünü tanıyıb.

Digər xəbərlər