Azərbaycanda doqquz ayda açılan hər dörd yeni iş yerindən üçü Bakının payına düşüb
Dövlət Statistika Komitəsinin son hesabatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 79,5 min yeni iş yeri açılıb. Onların 77,3 faizi, yəni 61,5 mini Bakıda yaradılıb, paytaxtdan kənarda isə təxminən 18 min iş yeri açılıb.
Bakıdan sonra ən çox iş yeri 6,6 faizlə Abşeron-Xızı iqtisadi rayonunda yaradılıb. Beləliklə, yeni iş yerlərinin 83,9 faizi paytaxt və onun ətrafının payına düşüb. Gəncə-Daşkəsənin payı 2,4, Şəki-Zaqatalanın 2,3, Quba-Xaçmazın 2,2, Qarabağ iqtisadi rayonunun isə 1,9 faiz olub.
Yeni iş yerlərinin 92,9 faizi qeyri-dövlət sektorunda açılıb. Hüquqi şəxslərin yaratdığı iş yerlərinin yarıdan çoxu tikinti, ticarət, nəqliyyat vasitələrinin təmiri və emal sənayesindədir. Eyni dövrdə 13,8 min iş yeri bağlanıb, onların 65,4 faizi dövlət sektorunun payına düşüb.
İqtisadçı Xalid Kərimli mediaya açıqlamasında regionlarda məşğulluq problemini qeyri-neft sektorunun zəif inkişafı ilə izah edib və inhisarçılığın aradan qaldırılmasını, sahibkarların maliyyəyə çıxışının genişləndirilməsini, məhkəmə islahatını təklif edib. İqtisadçı Natiq Cəfərlinin fikrincə, gənclərin paytaxta köçməsinin səbəbi təkcə iqtisadi deyil, bölgələrdə sosial və mədəni həyatın zəifliyi də buna təsir edir.
Noyabrın 16-da Milli Məclisdə büdcə müzakirəsində İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da dövlət sektorundakı ixtisarların paytaxta köçü sürətləndirə biləcəyini demişdi: “Rayonlarda alternativ iş yerləri yaratmadan dövlət müəssisələrini ixtisar etməklə paytaxta miqrasiyanın qarşısını almaq çətin olar”.

