Ukrayna Rusiyanın reaktiv “Geran” dronunu ilk dəfə lazerlə vurduğunu açıqlayıb

Foto: Defense Intelligence of Ukraine, CC BY 4.0, Wikimedia Commons
25-11-2026 22:09

Ukrayna “Blısk” adlı lazer hava hücumundan müdafiə qurğusu ilə Rusiyanın reaktiv mühərrikli “Geran” dronunu vurduğunu açıqlayıb. Bu, Ukraynada döyüş şəraitində lazer silahının uğurlu tətbiqinin ilk ictimai məlum halıdır. Açıqlamanı Ukrayna prezidentinin texnologiyalar üzrə müşaviri Sergey Beskrestnov (“Fleş”) yayıb.

“Kritik infrastruktur obyektini qorumaq üçün qurulmuş döyüş lazeri bu yaxınlarda dünyada ilk dəfə reaktiv “Geran” dronunu vurub”, - Beskrestnov yazıb. Onun paylaşdığı videoda qurğunun hədəfi təxminən 400 metr hündürlükdə və 800 metrə yaxın məsafədə tutduğu, şüa ilə bir neçə saniyə yandırdıqdan sonra dronun düşdüyü görünür. “Geran” İran istehsalı “Şahed” dronlarının Rusiyada istehsal olunan versiyasının adıdır.

Lazeri Ukraynanın ən böyük özəl hava hücumundan müdafiə operatorlarından olan “Carmine Sky” şirkəti hazırlayıb. Beskrestnovun sözlərinə görə, texnologiya “Özəl HHM” dövlət proqramı çərçivəsində, “Brave1” müdafiə texnologiyaları klasterinin dəstəyi ilə inkişaf etdirilir.

BBC-nin Ukrayna xidmətinin jurnalistləri noyabrın əvvəlində qurğunu Kiyev vilayətindəki infrastruktur obyektlərindən birində görüblər. Şirkət nümayəndəsi onlara deyib ki, 4 kilovatlıq şüa təxminən bir kilometr məsafədə işləyir: kiçik FPV dronunu saniyənin bir hissəsində, rezin daxil olmaqla bir neçə qat qoruyucu örtüyü olan “Şahed”i isə bir neçə saniyəyə yandırır.

Beskrestnov seriyalı istehsaldan danışmaq üçün hələ tez olduğunu bildirib. Onun sözlərinə görə, sınaqlar davam edir və hazırda lazerlər kritik infrastruktur obyektlərini qoruyur.

Digər xəbərlər