Antiinhisar agentliyi “Temu”nun Azərbaycanda rəqabət qanunvericiliyini pozduğunu deyir

İllüstrativ foto: Андрей Романенко, CC BY-SA 4.0, Wikimedia Commons
25-11-2026 17:07

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Çinin “Temu” elektron ticarət platformasının Azərbaycanda rəqabəti məhdudlaşdıran qiymət siyasəti yeritməsi və hökmran mövqedən sui-istifadə etməsi ilə bağlı araşdırmanı yekunlaşdırıb. Agentliyin açıqlamasına görə, araşdırmada rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edilib.

Agentlik Rəqabət Məcəlləsinin 16.2.1, 16.2.7 və 16.2.8-ci maddələrinin pozulması əlamətləri üzrə platformanın sahibi “PDD Holdings” şirkətinə qarşı iş qaldırılması məsələsinə baxmaq üçün rəqabət komissiyası yaradılması barədə qərar qəbul edib. Şirkət barəsində yekun qərarı bu komissiya verəcək.

Elektron ticarət üzrə mütəxəssis Nicat Manafov “Minval.az” saytına deyib ki, araşdırma Türkiyənin “Trendyol” platformasının şikayətindən sonra başlayıb. Onun sözlərinə görə, “Temu” Azərbaycan bazarına çıxanda çox aşağı qiymətlər və pulsuz çatdırılma təklif edib, “Trendyol” isə aviadaşımanın xərclərini nəzərə alaraq bu təkliflərin iqtisadi cəhətdən əsaslı olmadığını iddia edib.

Manafov bildirib ki, araşdırma zamanı aviaşirkətlərdən daşıma xərcləri, “Temu”dan isə malların qiymətləri və satışı barədə məlumat istənilib. Onun fikrincə, ilkin əlamətlər rəqibi bazardan sıxışdırmaq üçün qiymətlərin subsidiyalaşdırıldığını göstərirdi. Mütəxəssis araşdırmanın əsasən platformanın bazara ilk çıxdığı dövrü əhatə etdiyini, bu gün “Temu”da qiymətlərin xeyli artdığını deyib.

Manafov mümkün cəzaların “Temu”nu Azərbaycandan çıxmağa məcbur edəcəyini gözləmir: onun sözlərinə görə, şirkət başqa ölkələrdə də tənzimləyicilərin iddiaları ilə üzləşir, cərimələr isə özlüyündə bazardan çıxmaq üçün səbəb olmur.

Digər xəbərlər