SEPAH: Hörmüz boğazında maye qaz gəmisi və neft tankeri minaya düşüb
İllüstrativ foto: Towel401 at English Wikipedia, Public domain, Wikimedia Commonsİran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan bir gəminin dəniz minasına düşərək partladığını və gəmidə yanğın başladığını açıqlayıb. Gəminin adı, bayrağı və ekipajın vəziyyəti barədə məlumat verilməyib.
SEPAH-ın açıqlamasına görə, gəmi mövqe müəyyənləşdirmə sistemlərini söndürərək boğazdan keçməyə çalışıb. Korpus bildirir ki, İranın müəyyən etdiyi qaydaları pozan və “ABŞ ordusunun vədinə uyğun” icazəsiz keçən gəmilər minaya düşmək təhlükəsi ilə üzləşir.
Bundan bir neçə saat əvvəl İranın ISNA agentliyi boğazın şərq hissəsində bir neft tankerinin minaya düşüb alovlandığını yazmışdı. Agentliyin yaydığı məlumata görə, tanker identifikasiya və naviqasiya sistemini söndürüb, xəbərdarlıqlara məhəl qoymadan qadağan olunmuş zonaya daxil olub.
SEPAH dəfələrlə Oman sahillərinə yaxın keçən marşrutun təhlükəli olduğunu və Hörmüz boğazının tam onun nəzarətində qaldığını bəyan edib. Son həftələrdə korpus boğazda daha bir neçə tankerin minaya düşdüyünü açıqlayıb.
Dünyada dəniz yolu ilə daşınan neftin və maye qazın böyük hissəsi Hörmüz boğazından keçir. Buradakı gərginlik neft qiymətlərinə, o cümlədən Azərbaycanın ixrac etdiyi “Azeri Light” markasının qiymətinə təsir göstərir.


