Litva Aİ-yə sədrliyi dövründə Azərbaycanla vizasız gediş-gəliş danışıqlarını dəstəkləyəcək
Foto: Estonian Foreign Ministry, CC BY 2.0, Wikimedia CommonsLitva 2027-ci ilin ilk yarısında Avropa İttifaqı Şurasına sədrlik edəcəyi dövrdə Azərbaycanla Aİ arasında viza liberallaşması gündəliyinin irəli aparılmasını dəstəkləyəcək. Bunu Litvanın xarici işlər naziri Kestutis Budris noyabrın 25-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“Konkret nəticələrə nail olmaq istədiyimiz bir sıra istiqamətlər var. Bunlardan biri viza rejiminin sadələşdirilməsidir. Bu sahədə müvafiq hüquqi proseslərə başlamaq lazımdır”, - Budris bildirib. Litvalı nazirin sözlərinə görə, Aİ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişinin nəzərdən keçirilməsi də gündəlikdədir.
Ceyhun Bayramov deyib ki, Aİ qaydalarına görə üzv ölkələr ayrıca viza siyasəti yürütmür, qərar bütövlükdə Aİ adından verilir, amma üzv dövlətlərin mövqeyi önəmlidir. Nazir Azərbaycanın Aİ vətəndaşları üçün viza məhdudiyyətlərini tam aradan qaldırmağa da hazır olduğunu bildirib. Səfər çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb.
Litva Prezidenti Gitanas Nauseda noyabrın 12-də Dublində İlham Əliyevlə görüşündən sonra “X” hesabında ölkəsinin viza liberallaşması dialoqunun başlanmasını dəstəklədiyini yazmışdı.
Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsi sazişi 2013-cü ildə məhz Vilnüsdə imzalanıb və 2014-cü ildən qüvvədədir. Saziş viza rüsumunu 35 avroya endirib, tələbə, təqaüdçü və jurnalistlər kimi bəzi qruplara vizanı pulsuz edib. Şengen zonasına vizasız gediş-gəlişi nəzərdə tutan dialoq isə Azərbaycanla hələ başlamayıb: “Şərq Tərəfdaşlığı” ölkələrindən Moldova, Gürcüstan və Ukrayna artıq vizasız rejimdədir, Ermənistan bu dialoqa 2024-cü ildə başlayıb.
