Rusiyanın nəzarətindəki Zaporojye AES-i 28-ci dəfə xarici elektrik enerjisini itirib

Foto: DENAMAX, CC BY-SA 4.0, Wikimedia Commons
25-11-2026 12:12

Avropanın ən böyük atom elektrik stansiyası olan, Rusiyanın nəzarətindəki Zaporojye AES-i noyabrın 25-də yenidən xarici elektrik təchizatı olmadan qalıb və ehtiyat dizel generatorlarına keçib.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) “X” sosial şəbəkəsində stansiyanın xarici enerjini 28-ci dəfə itirdiyini yazıb. Agentliyin məlumatına görə, ehtiyat 330 kilovoltluq “Ferrosplavnaya-1” xətti kəsilib.

Rusiyanın idarə etdiyi stansiya rəhbərliyinin kommunikasiya direktoru Yevgeniya Yaşina “İnterfaks” agentliyinə deyib ki, generatorlara keçid normal qaydada baş verib, radiasiya fonu normaldır və nüvə təhlükəsizliyinə təhlükə yoxdur. Onun sözlərinə görə, kəsilmənin səbəbi və bərpa müddəti yoxlamadan sonra bəlli olacaq.

Stansiya öz ehtiyacları üçün enerjini Dnepr çayının Ukraynanın nəzarətindəki sağ sahilindən iki xətlə alır. Əsas 750 kilovoltluq “Dneprovskaya” xətti dayaqları zədələndiyi üçün martın sonundan işləmir. Rusiyanın “Rosatom” korporasiyasının rəhbəri Aleksey Lixaçov iyunun 22-də təmirin başa çatdığını desə də, Ukrayna tərəfi bu xəttə gərginlik vermir; səbəbi açıqlanmayıb.

Altı enerji blokundan ibarət stansiya 2022-ci ilin martında Rusiya qoşunları tərəfindən ələ keçirilib. Rusiya prezidenti Vladimir Putin həmin ilin oktyabrında stansiyanı Rusiya mülkiyyətinə keçirən fərman imzalayıb. Stansiya 11 sentyabr 2022-ci ildən elektrik enerjisi istehsal etmir.

Digər xəbərlər