Araşdırma: Rusiyanın Ukraynaya atdığı dronlarda bu il istehsal olunmuş Avropa çipləri tapılıb

Foto: Main Directorate of Intelligence of the Ministry of Defence of Ukraine, CC BY 4.0, Wikimedia Commons
24-11-2026 18:20

Rusiyanın Ukraynaya qarşı işlətdiyi dron və raketlərin qalıqlarında 2025 və 2026-cı illərdə istehsal olunduğu göstərilən Avropa komponentləri tapılıb. Bu, Ukrayna hərbi kəşfiyyatının topladığı məlumatlar əsasında aparılan jurnalist araşdırmasının nəticəsidir.

Araşdırmanı Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi (OCCRP) “Kyiv Independent”, Belçikanın “De Tijd” qəzeti və Almaniyanın “Paper Trail Media” qrupu ilə birgə hazırlayıb. Jurnalistlərin yazdığına görə, avqustda Kiyev yaxınlığında vurulan reaktiv mühərrikli “Geran-4” dronunda Cenevrədə qeydiyyatda olan “STMicroelectronics” şirkətinin 2026-cı ilin fevralına aid mikrokontrolleri, Almaniyanın “Infineon Technologies” şirkətinin isə 2025-ci ilin iyununa aid tranzistoru olub.

Şirkətlərin cavabları fərqlidir: “STMicroelectronics” Rusiyada fəaliyyət göstərmədiyini və sanksiyalara tam əməl etdiyini, “Infineon” isə tapılan hissənin böyük ehtimalla saxta olduğunu bildirib. Başqa bir dronda tapılan çipin sahibi olan Britaniyanın FTDI şirkəti jurnalistlərin sorğusuna cavab verməyib. İsveçrənin “u-blox” və Almaniyanın “Harting” şirkətləri də məhsullarının Rusiyaya necə çatdığından xəbərsiz olduqlarını deyiblər; “Harting” nümayəndəsi mülki cihazlardan sökülən hissələrin silahlarda yenidən istifadə oluna biləcəyini və onların yolunu izləməyin praktiki olaraq mümkün olmadığını vurğulayıb.

Araşdırmada Rusiya dronlarından çıxarılan səkkiz SİM kartın da Litvanın “Tele2 Lietuva” operatoruna məxsus olduğu müəyyən edilib. Operatorun sözlərinə görə, kartlar yalnız Litvada satılır və ehtimal ki, onları alıb aktivləşdirən qruplar sonradan qaçaqmalçılara və Rusiya agentlərinə satıb.

Ukrayna Baş Prokurorluğunun açıqlamasına görə, indiyədək Rusiya silahlarında 30-dan çox ölkənin şirkətlərinin nişanları olan 16 mindən artıq xarici komponent aşkarlanıb. Rusiya 2026-cı ilin mayından Ukraynanın enerji obyektlərinə hücumlarda “Geran-2”nin daha sürətli versiyası olan “Geran-4”dən istifadə edir.

Digər xəbərlər