Son dəqiqə:

“The Telegraph”: Xamenei Putindən S-400 hava hücumundan müdafiə sistemləri istəyib

Foto: mehrnews.com, CC BY 4.0, Wikimedia Commons
06-11-2026 21:15

İranın ali rəhbəri Müctəba Xamenei Rusiya prezidenti Vladimir Putinə şəxsi məktub göndərərək S-400 zenit-raket kompleksləri istəyib. Məktubu Moskvaya İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi aparıb.

Britaniyanın “The Telegraph” qəzeti cümə günü adı açıqlanmayan yüksək vəzifəli İran rəsmisinə istinadən bunu yazıb. Rəsmi qəzetə deyib ki, Tehran illərdir almaq istədiyi bu sistemlərin veriləcəyinə “nikbindir”. Qəzet razılaşmanın imzalanıb-imzalanmadığını və çatdırılma vaxtını yazmayıb.

Rzayi cümə axşamı Moskvada Putinlə görüşüb. Bundan əvvəl, bazar ertəsi, onlar telefonla danışmışdılar, həmin danışıqdan sonra yeni hərbi öhdəlik elan olunmamışdı.

İranın S-400 axtarışı fevralda başlayan müharibədə ölkənin hava hücumundan müdafiəsinin ağır zərbə almasından sonra güclənib: həmin zərbələr nüvə obyektlərini və yüksək rütbəli komandirləri açıq hədəfə çevirmişdi. Analitiklər və regional rəsmilər “The Telegraph”a deyib ki, Moskva İsrail və regionun digər dövlətləri ilə münasibətlərini korlamamaq üçün illərdir bu sistemləri verməkdən çəkinir. Onların sözlərinə görə, Ukraynanın PUA və raket hücumları altında olan Rusiyanın özünün də hava hücumundan müdafiə vasitələrinə ehtiyacı böyükdür.

Qəzet məxfi sənədlərə istinadən həm də yazıb ki, İran parlamentinin gizli komitəsi müharibədən əvvəl Rusiya və Çinlə “strateji, xüsusən hərbi əlaqələrin” qurulmasını, hava hücumundan müdafiə, raket və PUA imkanlarının gücləndirilməsini tövsiyə edibmiş.

Bir gün əvvəl “Financial Times” qəzeti Rusiyanın İrana döyüş helikopterləri üçün 90 raket buraxma qurğusu verməyə razılaşdığını yazmışdı. Moskva ilə Tehran arasında hərbi əməkdaşlıq iki istiqamətlidir: Qərb hökumətlərinə görə, İran Rusiyaya Ukraynada işlədilən “Şahed” PUA-larını verib və onların Rusiyada istehsalına kömək edib.

Digər xəbərlər