Son dəqiqə:

Rusiya bu il 63,5 min əcnəbini ölkədən məcburi çıxarıb, 260 mindən çox miqrantın girişinə qadağa qoyub

Vyaçeslav Volodin. Foto: Palácio do Planalto, CC BY 2.0, Wikimedia Commons
06-11-2026 15:21

2026-cı ilin ilk doqquz ayında Rusiyada məhkəmə icraçıları qanunu pozduğu deyilən 63,5 min əcnəbini ölkədən məcburi qaydada çıxarıb. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin açıqlayıb.

Volodin Daxili İşlər Nazirliyinin rəqəmlərinə istinadən bildirib ki, ilin səkkiz ayında 260 mindən çox miqrantın Rusiyaya girişi qadağan edilib. Onun sözlərinə görə, bu, 2025-ci ilin eyni dövründəkindən 75,8 faiz çoxdur.

Noyabrın 3-də əcnəbinin Rusiyadan çıxarılmasına əsas verən inzibati xətaların siyahısını genişləndirən qanun qüvvəyə minib. İnzibati Xətalar Məcəlləsində belə maddələrin sayı 22-dən 45-ə çatdırılıb. Siyahıya narkotik vasitələrin qanunsuz dövriyyəsi, miqrasiya və sərhəd rejimi qaydalarının pozulması, polis və sərhədçilərin qanuni tələbinə tabe olmamaq da salınıb.

Volodin xatırladıb ki, 2024-cü ildən bəri Dövlət Duması miqrasiya siyasətini sərtləşdirən 32 federal qanun qəbul edib. Rəsmi rəqəmlərdə deportasiya edilənlərin və girişi qadağan olunanların hansı ölkələrin vətəndaşı olduğu göstərilməyib. Rusiya Azərbaycandan gedən əmək miqrantlarının əsas istiqamətlərindən biridir.

Digər xəbərlər