Son dəqiqə:

Kiprin şimalında 27 nəfərin öldüyü gəmi qəzası işində saxlanılan üç azərbaycanlının həbs müddəti uzadılıb

Girne limanının dalğaqıranı, illüstrativ foto. Foto: Michal Klajban, CC BY-SA 4.0, Wikimedia Commons
06-11-2026 15:19

Türkiyədən başqa heç bir ölkənin tanımadığı “Şimali Kipr Türk Cümhuriyyəti”ndə Girne sahillərində batan “FiloJet” sürətli sərnişin gəmisinin işi üzrə saxlanılan 9 nəfərin həbs müddəti daha bir həftə uzadılıb. Onların arasında Azərbaycan vətəndaşları Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümmətov da var.

Girne Məhkəməsindəki iclasda gəmi şirkətinin direktoru, kapitanlar, mexaniklər və ekipaj üzvləri hakim qarşısına çıxarılıb. Onlar ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olmaqda ittiham edilir. Azərbaycanlıların gəmidə hansı vəzifədə çalışdığı və ittihamlara münasibəti açıqlanmayıb.

Polis əməkdaşı Mehmet Mannaş məhkəməyə bildirib ki, gəminin səyahət məlumatlarını qeydə alan cihazdakı 59 günlük məlumatın deşifrəsi başa çatıb, qalan 9 günün qeydləri yoxlanandan sonra bu istiqamətdə iş yekunlaşacaq. Onun sözlərinə görə, gəminin texniki vəziyyəti və istismarı ilə bağlı “Türk Loydu” təsnifat qurumundan gələn 2 min səhifəlik sənədin də araşdırılmasına başlanıb.

“FiloJet” avqustun 30-da günorta Girne limanından Türkiyənin Mersin vilayətindəki Taşucu limanına yola düşmüşdü. Limandan çıxandan az sonra gəminin ön hissəsinə su dolmağa başlayıb, gəmi geri qayıtmağa çalışarkən batıb. Qəza nəticəsində 27 nəfər ölüb, daha bir nəfərin meyiti hələ də tapılmayıb.

Digər xəbərlər