Son dəqiqə:

Müstəqil rus nəşri: Ukraynadakı müharibədə azı 350 Rusiya müddətli əsgəri həlak olub

İllüstrativ foto, 2014: Vyacheslav Argenberg, CC BY 4.0, Wikimedia Commons
06-11-2026 16:46

Rusiyanın müstəqil “Mediazona” nəşri Ukraynadakı müharibədə həlak olmuş 350 Rusiya müddətli əsgərinin adbaad siyahısını yayıb. Rusiya rəsmi olaraq müddətli hərbi xidmətdə olanları müharibəyə göndərmədiyini bəyan edir.

“Mediazona” yazır ki, nəşr könüllülər və BBC-nin rus xidməti ilə birlikdə genişmiqyaslı müharibənin əvvəlindən bəri Rusiyanın itkilərini açıq mənbələr əsasında sayır. Rusiya Müdafiə Nazirliyi öz hərbi itkiləri barədə müntəzəm rəqəm açıqlamır.

Müddətli əsgərlərin döyüşlərdə iştirak etdiyi barədə ilk xəbərlər Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumundan dərhal sonra yayılmışdı. Rusiya Müdafiə Nazirliyi o vaxt onların hamısını Rusiyaya qaytaracağını vəd etmişdi.

Nəşrin yazdığına görə, bu kateqoriyada itkilər tam dayanmayıb. Rusiya müddətli əsgərləri rəsmi olaraq sərhədyanı ərazilərin mühafizəsində işlədir. Onlar sərhəddəki döyüşlərdən başqa, Ukraynanın atəşləri nəticəsində də mütəmadi həlak olurlar.

“Mediazona”ya müddətli xidmət zamanı ordu ilə müqavilə bağlamış təxminən 700 nəfərin də adı məlumdur. Nəşr bu qərarın könüllü olub-olmadığının bəlli olmadığını, müddətli əsgərlərə müqavilənin çox vaxt aldatma və ya zorakılıqla qəbul etdirildiyini yazır.

Digər xəbərlər