Naxçıvanda kompensasiyasını ala bilmədiyini deyən qazinin iki dəfə özünə qəsd etməyə cəhd etdiyi bildirilir
Naxçıvan şəhər sakini, İkinci Qarabağ müharibəsinin iştirakçısı Pərviz Muradovun oktyabrın 29-da özünə qəsd etməyə cəhd etdiyi və xəstəxanaya aparıldığı bildirilir. Noyabrın 4-də onun yenidən özünə xəsarət yetirmək istədiyi, polis əməkdaşlarının müdaxiləsi ilə bunun qarşısının alındığı deyilir.
Bu barədə qazinin yaxınları “Meydan TV”yə məlumat verib. Onların sözlərinə görə, 1992-ci il təvəllüdlü Muradov ehtiyatda olan baş gizir və III qrup müharibə əlilidir, uzun illər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib.
Yaxınları deyir ki, keçmiş hərbçi ehtiyata buraxılarkən ona düşən birdəfəlik kompensasiyanı, həmçinin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları üçün nəzərdə tutulan ödənişləri ala bilməyib. Muradov bu vəsait üçün Müdafiə Nazirliyinə dəfələrlə yazılı və şifahi müraciət edib.
Ona verilən cavabda bildirilib ki, Naxçıvandan Bakıya göndərilərkən sənədləşmədə səhlənkarlığa yol verilib, xidmət yerinin dəyişdirilməsi müvafiq əmr və sərəncamlarla rəsmiləşdirilməyib. Muradov kompensasiyaların məhz bu səbəbdən ödənilmədiyini deyir.
Müdafiə Nazirliyi hələlik açıqlama verməyib. Qazinin hazırkı səhhəti barədə də rəsmi məlumat yoxdur.
Müharibədən sonra hərbi xidmət iştirakçıları arasında intihar və intihara cəhd halları dəfələrlə qeydə alınıb. “Meydan TV”nin 2023-cü ilin iyulunda dərc etdiyi araşdırmada müharibədən sonra intihar nəticəsində həyatını itirən 24 qazinin kimliyi müəyyənləşdirilmişdi. Qazilər və onların yaxınları kompensasiya, əlillik statusu və psixoloji yardımla bağlı müraciətlərinin cavabsız qaldığından dəfələrlə şikayət ediblər.
