Büdcədən vəsait alan bəzi publik hüquqi şəxslərin rəhbərlərinə 3600 manat vəzifə maaşı müəyyən edilib
Nazirlər Kabineti dövlət adından yaradılan və büdcədən vəsait alan bəzi publik hüquqi şəxslərin rəhbərləri üçün aylıq vəzifə maaşını 3600 manat, müavinləri üçün 3115 manat müəyyən edib. Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Söhbət bütün publik hüquqi şəxslərdən getmir. Qərar dövlət orqanlarının və heç kimə tabe olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan qurumların nəzdindəki, yəni tabelikdə daha aşağı pillədə duran qurumlara aiddir.
Bu, əmək haqqının yalnız bir hissəsidir. Qərara görə, rəhbər işçilərin aylıq əmək haqqı vəzifə maaşından və normativ aktlarla müəyyən edilən digər ödənişlərdən ibarətdir.
Müqayisə üçün, hökumət 2027-ci ildə ölkədə orta aylıq əmək haqqının 1288 manata çatacağını proqnozlaşdırır, yaşayış minimumu isə 314 manat olacaq. Yəni təkcə 3600 manatlıq vəzifə maaşı proqnozlaşdırılan orta əmək haqqından təxminən 2,8 dəfə çoxdur.


