Son dəqiqə:

Ən azı iki il kiçik sahibkar kimi işləyənlərə 5 il müddətinə gəlir vergisi güzəşti təklif olunur

İllüstrativ foto: Aykhan Zayedzadeh, CC BY 4.0, Wikimedia Commons
06-11-2026 11:46

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə görə, ən azı iki il kiçik sahibkarlıq subyekti kimi fəaliyyət göstərən vergi ödəyiciləri 5 il müddətinə gəlir və ya mənfəət vergisinin 25 faizi həcmində güzəşt əldə edəcək. Bunun üçün vergi borcu olmamalı, dövriyyə əvvəlki illə müqayisədə 30 faizdən çox azalmamalı və il ərzində əmək münasibətləri pozulmamalıdır.

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli noyabrın 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib ki, hesablamalara görə, təkcə bu dəyişiklikdən təxminən 10 min vergi ödəyicisi faydalanacaq.

Nəzərlinin sözlərinə görə, vergi öhdəliyi vaxtında yerinə yetirilmədikdə gecikdirilmiş günlər üçün hesablanan faiz dərəcələrinin iki dəfə azaldılması, maliyyə sanksiyalarını qısa müddətdə ödəyənlər üçün isə əlavə təşviqlər təklif olunur. Malların və xidmətlərin ixracı ilə məşğul olan vergi ödəyicilərinə də əlavə vergi təşviqləri nəzərdə tutulur.

DVX rəisi həmçinin bildirib ki, buğdanın idxalı və satışı, buğda unu, çörək, heyvan və quş əti, yem və yem əlavələrinin satışı üzrə ƏDV azadolmalarının müddəti daha 3 il uzadılır. Kökəltmə məqsədilə heyvan idxalı isə 3 il müddətinə ƏDV-dən azad ediləcək.

Eyni dəyişikliklər paketində çipsiyə və şirin içkilərə aksiz, kuryerlər üçün aylıq 15 manat sabit vergi, aqrar sahədə isə 100 faizlik vergi azadolmasının 90 faizlik güzəştlə əvəzlənməsi də təklif olunub. Dəyişikliklər hazırda Milli Məclisin komitələrində müzakirə olunur.

Digər xəbərlər