“Financial Times”: Rusiya İrana döyüş helikopterləri üçün 90 müasir raket qurğusu verməyə razılaşıb
Rusiya 2024-cü ildə İrana 90 müasir raket buraxma qurğusu tədarük etmək barədə razılığa gəlib. Qurğular Rusiyanın Ukraynada geniş istifadə etdiyi, hərəkətdə olan hədəfi vura bilən LMUR (“İzdeliye 305”) yüngül idarəolunan raketləri üçündür və İranda da olan Mi-28 hücum helikopterlərinə quraşdırılır.
“Financial Times” qəzeti cümə günü Rusiyanın böyük müdafiə sənayesi müəssisələrindən birinin sənədlərinə istinadən bunu yazıb. Sifarişin İrana çatdırılıb-çatdırılmadığı bəlli deyil.
Hesabat Rusiya Prezidenti Vladimir Putinin noyabrın 5-də İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayini Kremldə qəbul etməsindən bir gün sonra çıxıb. Kremlin açıqlamasına görə, Rzayi İranın Ali Rəhbəri Müctəba Xameneyinin ikitərəfli əməkdaşlığın inkişafına dair məktubunu çatdırıb. Rzayi isə görüşdə regionda təhlükəsizlik tənzimləmələrinin, “müharibədən sonrakı dövrün” və Rusiyanın, onun sözü ilə, ABŞ-nin İrana qarşı “təcavüzü”nün dayandırılmasına dəstəyinin müzakirə olunduğunu deyib.
ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda Moskvanın İrana “çox az kömək etdiyini, bəlkə də heç kömək etmədiyini” demişdi. Qərb kəşfiyyatçıları isə ABŞ-nin İranla müharibəsi fonunda iki ölkənin hərbi əlaqələrinin daha da dərinləşdiyini iddia edir. Ötən şənbə İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya Tehranın Rusiyadan “Su-35” qırıcıları aldığını açıqlamışdı. Qərb hökumətləri isə İranın Ukrayna müharibəsində Rusiyaya sursat, artilleriya mərmiləri, qısa mənzilli ballistik raketlər və dronlar verdiyini deyir.
Rusiya və İran 2025-ci ilin yanvarında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalayıb, sənəd həmin ilin oktyabrında qüvvəyə minib. Rusiyanın Şimali Koreya ilə müqaviləsindən fərqli olaraq, bu sənəddə qarşılıqlı hərbi yardım öhdəliyi yoxdur. İran Prezidenti Məsud Pezeşkian oktyabrın sonunda Moskvada Putinlə görüşmüşdü.

