Son dəqiqə:

Ermənistanda müxalifətçi milyarder barəsində bir aylıq həbs qərarı seçilib, partiyası bunu yeni Konstitusiyaya etirazla bağlayır

Arxiv foto: Freeknowledgearm, CC BY 4.0, Wikimedia Commons
05-11-2026 19:32

Yerevan Antikorrupsiya Məhkəməsi noyabrın 5-də “Güclü Ermənistan” partiyasının lideri, “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan barəsində bir ay müddətinə həbs qərarı çıxarıb. O, bir gün əvvəl saxlanılmışdı.

Karapetyan “Ermənistan Elektrik Şəbəkələri” şirkətinə 64,5 milyard dram, yəni təxminən 170 milyon dollar ziyan vurmaqda ittiham olunur. İstintaq Komitəsinin məlumatına görə, daha 35 nəfər barəsində cinayət işi açılıb: onlar vəzifə səlahiyyətlərindən sui-istifadənin və əmlak mənimsənilməsinin təşkilində, çirkli pulların yuyulmasında şübhəli bilinirlər.

“Azadlıq Radiosu”nun erməni xidməti xəbər verir ki, şübhəlilər arasında şirkətin Direktorlar Şurasının bəzi üzvləri, baş direktoru və onun müavini var. Məhkəməyə 9 nəfərin həbsi üçün vəsatət verildiyi bildirilir, saxlanılanların dəqiq sayı isə hələlik açıqlanmayıb.

Şirkətin 2022-ci ilin sonuna olan maliyyə hesabatına görə, səhmlərin 70 faizi “Taşir Kapital”a, 30 faizi Kiprdə qeydiyyatdan keçmiş “Liormand Holdings Limited”ə məxsus olub. Sonuncunun da Karapetyanla əlaqəli olduğu bildirilir.

“Güclü Ermənistan” həbsi müxalifətin yeni Konstitusiya layihəsinə qarşı mövqeyi ilə bağlayır. Müxalifət sənədi “əliyevçi” adlandırır və onun referenduma çıxarılmasını dəstəkləməyəcəyini deyir. Baş nazir Nikol Paşinyan ötən ayın sonunda bildirmişdi ki, müxalifət layihəni dəstəkləməsə, növbədənkənar parlament seçkiləri istisna edilmir.

Rəsmi Bakı sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasının preambulasından 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tələb edir. Həmin bəyannamədə 1989-cu ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi aktı xatırlanır.

Digər xəbərlər