Son dəqiqə:

Yerevan: Azərbaycan ordusu sərhəddəki Şikahox qoruğunda yol salıb meşəyə ziyan vurur, Bakıdakı hərbi ekspertlər bunu qış təminatı adlandırır

İllüstrativ foto: Şikahox qoruğu, Krzysztof Ziarnek, Kenraiz, CC BY-SA 4.0, Wikimedia Commons
05-11-2026 21:58

Ermənistanla Azərbaycan arasında sərhəddəki Şikahox qoruğu və Nerkin Hand kəndi ətrafında yeni mübahisə yaranıb. Yerevan Azərbaycan ordusunun strateji yüksəkliklərdə yol salaraq meşəlik ərazilərə ziyan vurduğunu iddia edir.

Azadlıq Radiosu xəbər verir ki, sakinlər təhlükəsizlik səbəbindən kəndi boşaldırlar. Bakıdakı hərbi ekspertlər isə bunun kütləvi meşə qırğını olmadığını, qış təminatı üçün lazım olan logistika olduğunu bildirir.

Azərbaycan Ermənistan ərazisini işğal etdiyi ittihamlarını rədd edir və bu ərazidə sərhədin rəsmi olaraq müəyyən edilmədiyini bildirir. Qoruğun bir hissəsi 2021-2022-ci illərdə Azərbaycanın nəzarətinə keçib. İki ölkə keçən il Vaşinqtonda sülh sazişini paraflayıb.

AFP agentliyi oktyabrın sonunda ərazidən hazırladığı reportajda Ermənistan rəsmisi Marat Harutyunyanın sözlərini verib: onun dediyinə görə, Azərbaycan qüvvələri qoruğun 2700 hektardan çox hissəsində və bir neçə yüz hektar kənd təsərrüfatı torpağında yerləşib, Nerkin Hand isə üç tərəfdən mühasirədə qalıb. Şikahox qoruğu təxminən 12 400 hektar ərazini əhatə edir.

Eyni reportajda meşə mütəxəssisi Ayser Qazaryan peyk şəkillərinə əsasən 90 hektara yaxın ərazidə, o cümlədən təxminən 60 hektar meşədə torpaq işləri aparıldığını və 14-16 min kubmetr ağac kəsildiyini təxmin edir. Sakinlər və mütəxəssislər deyir ki, hərbçilərin olması və minalar səbəbindən zərəri yerində ölçmək mümkün deyil.

Digər xəbərlər