Azərbaycanda saatlıq minimum əmək haqqı tətbiq olunması təklif edilir, ilk mərhələdə kənd təsərrüfatını əhatə edəcək
Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərlə aylıq minimum əmək haqqı ilə yanaşı, saatlıq minimum əmək haqqı anlayışı da tətbiq ediləcək. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, saatlıq sistem əmək müqaviləsi bir aydan az müddətə bağlananda, həmçinin sahəsindən asılı olmayaraq həftəlik iş vaxtı 20 saat və daha az olanda tətbiq ediləcək. Sistemin hansı sahələrdə işlədiləcəyini Nazirlər Kabineti müəyyən edəcək, ilkin mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai işlər nəzərdə tutulur.
Quliyev deyib ki, natamam iş vaxtında çalışan və qısa müddətli müqavilə bağlayan işçilərin əmək haqqının daha çevik hesablanmasına ehtiyac var, dəyişiklik isə dövlət büdcəsinə əlavə yük yaratmayacaq. O, saatlıq minimumun məbləğini açıqlamayıb.
Layihə əmək haqqının elektron qaydada ödənilməsini, uşağa qulluğa görə müavinətin təyin edilməsi şərtlərinin dəyişdirilməsini və məzuniyyət hüququ ilə bağlı yenilikləri də nəzərdə tutur. Bu dəyişikliklərə görə, əmək məzuniyyətinin minimum 21 günü bundan sonra pulla əvəz edilə bilməyəcək.

