Son dəqiqə:

“Middle East Eye”: Bakı gərginliyi bitirmək üçün Ankaradan Ərdoğanın müşavirinin getməsi daxil üç şey istəyib

Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev, arxiv foto. Foto: Press Service of the President of the Republic of Azerbaijan, CC BY 4.0, Wikimedia Commons
06-11-2026 13:34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 8-də gözlənilən Bakı səfərindən əvvəl Azərbaycanın iki ölkə arasındakı gərginliyi bitirmək üçün Ankaraya konkret şərtlər irəli sürdüyü deyilir.

Britaniyada yerləşən “Middle East Eye” saytı mənbələrinə istinadən yazır ki, Bakı Ankaradan üç şey istəyib: Ərdoğanın baş müşaviri Oktay Saralın işdən çıxarılması, İlham Əliyevi təhqir edən şərhçilərin məhkəməyə verilməsi və siyahı ilə təqdim olunan sosial media hesablarının bağlanması. Saytın məlumatına görə, Ankara bəzi hesabları artıq bloklayıb.

Oktay Saral oktyabrın 12-də Azərbaycan məktəblərində tətbiq olunan yeni geyim qaydalarını “qəbuledilməz” adlandırmışdı. Qaydalarda hicabın adı çəkilmir, amma onlardan sonra hicablı şagirdlər məktəbə buraxılmamağa başlayıb. Saral artıq vəzifəsindən gedib: o, prezidentin xahişi ilə getdiyini, amma üzr istəməli olduğu bir söz demədiyini bildirib. “Azərbaycan mənim öz vətənimdir”, - deyə Saral bildirib.

“Middle East Eye”in danışdığı azərbaycanlı mənbəyə görə, Bakı Türkiyənin “bir millət, iki dövlət” olduğunu qəbul etməsini, yəni Ankaranın Azərbaycanın daxili işlərində söz sahibi olmağa çalışmamasını istəyir. Türkiyə rəsmiləri isə saytın yazdığına görə, mübahisəni “anlaşılmazlıq” adlandırırlar.

Gərginlik fonunda Azərbaycan Xarici İşlər Nazirliyi oktyabrın 21-də ölkə rəhbərliyinə qarşı açıqlamalarına görə 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan edib, Əliyev isə oktyabrın 29-30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının sammitinə getməyib. Sayt həmçinin yazır ki, Türkiyədə Bakının İsraillə yaxınlığı narazılıq doğurur: oktyabrda Bakıda keçirilən CICA sammitinə Ərdoğan İsrail Prezidenti İsxak Hersoqla qarşılaşmamaq üçün getməyib, Bakı bunu Əliyevə qarşı jest kimi qəbul edib.

İki ölkəni bağlayan iqtisadi maraqlar isə böyük olaraq qalır: Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, 2025-ci ildə ikitərəfli ticarət 4,3 milyard dollar olub. “Middle East Eye” yazır ki, Ankara Əliyevin noyabrın 9-20-də Antalyada keçiriləcək BMT-nin iqlim konfransı COP31-ə gəlməsini istəyir, Bakı isə bunu hələlik təsdiqləməyib.

Digər xəbərlər