15 il həbs cəzası alan sülh fəalı həbsxanadan məhbusların müalicə müəssisəsi barədə yazır: “Bu ölüm düşərgəsi ölkənin reallığıdır”
Arxiv foto: Voice of America, Public domain, Wikimedia Commons15 il müddətinə azadlıqdan məhrum edilmiş tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov həbsxanadan yazdığı mətndə “Tubzon” adlandırılan 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsini “ölüm düşərgəsi” adlandırıb. O bu sözləri keçmiş siyasi məhbus İlkin Rüstəmzadənin “Qaranlığın hekayəsi” kitabındakı təsvirlərdən danışarkən yazıb.
“Abzas Media”nın dərc etdiyi yazıda Səmədov deyir ki, kitabın ən tükürpədici hissəsi məhz həmin müəssisə haqqındadır və oradakı vəziyyəti ona bir neçə məhkum da əvvəllər danışıb. “Bu ölüm düşərgəsi ölkənin reallığıdır, qələmə alınması isə indiki və gələcək nəsillər üçün dəyərli xatırlatmadır”, - deyə o yazıb.
Səmədov 2013-cü ildə gənclərin həbsi fonunda “NİDA” vətəndaş hərəkatına qoşulduğunu və o vaxt ciddi dəyişikliklərə böyük inam olduğunu xatırladır. “Niyə heç nə alınmadı? Repressiyalar, Qərbin dişsizliyi, müxalifət daxili didişmələr, ideoloji işin zəifliyi - bunların hamısı rol oynadı”, - deyə o yazır.
Müəllif keçmişlə bugünün oxşarlığını da göstərir. Onun sözlərinə görə, Rüstəmzadənin gündəliyində Trampın seçilməsinin hakimiyyəti sevindirdiyi yazılıb, eyni reaksiyanı 8 il sonra o özü Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqlərində görüb. Səmədov Rüstəmzadənin Avropa Şurası və BMT nümayəndələri ilə görüşlərinin isə indiki siyasi məhbuslar üçün ağlagəlməz göründüyünü qeyd edib.
Səmədov kamerada yaşadığı bir anı da danışır: nəzarətçinin səhər “voyska gəlib” zarafatına kamera yoldaşının qorxu ilə reaksiya verdiyini kitabı oxuduğu üçün yaxşı anladığını deyir. “Qaranlığın hekayəsi isə bitmək bilmir”, - deyə o yazıb. Səmədov Anar Məmmədli və Tofiq Yaqublunun yenidən həbsdə olmasını isə “dəhşətli” adlandırıb.


