Son dəqiqə:

İran Keşikçiləri Qeşm adası üzərində daha bir ABŞ dronunu vurduğunu deyir, iranlı deputat neftin 150 dollara qalxacağı ilə hədələyir

İllüstrativ foto, MQ-1 dronu muzeydə: Joe Loong, CC BY-SA 2.0, Wikimedia Commons
06-11-2026 19:50

İslam İnqilabı Keşikçiləri Korpusu noyabrın 6-da Hörmüz boğazındakı Qeşm adası üzərində ABŞ ordusuna məxsus MQ-1 tipli kəşfiyyat-zərbə dronunu vurduğunu bildirib. Korpus bu dronun onun məhv etdiyi 16-cı MQ-1 olduğunu deyir.

Keşikçilər noyabrın 4-də də eyni ada üzərində ABŞ dronunu vurduqlarını açıqlamışdılar. Korpus o zaman ABŞ-nin bölgədə kəşfiyyatı gücləndirdiyini və İranın hava hücumundan müdafiə sistemlərinin yerini müəyyən etməyə çalışdığını iddia etmişdi. Noyabrın 5-də isə Keşikçilər Hörmüz boğazında iki ABŞ dronunu ələ keçirdiklərini demişdilər.

Eyni gün İran parlamentinin deputatı Hüseynəli Dəligani “Tasnim” agentliyinə bildirib ki, ABŞ və İsrail İrana qarşı hücumları bərpa etsə, İranın cavabı raketlərin Avropaya çatması olacaq. Deputatın sözlərinə görə, bu, neftin qiymətini bir barel üçün 150 dollardan yuxarı qaldıracaq.

ABŞ və İsrailin İrana qarşı fevralın sonunda başladığı müharibə hələ başa çatmayıb. “Fox News” telekanalı adı açıqlanmayan yüksək vəzifəli rəsmilərə istinadən yazıb ki, ABŞ İrana zərbələri noyabrın 9-da bərpa edə bilər.

Hörmüz boğazındakı gərginlik neft bazarına da təsir edir: “Brent” neftinin qiyməti cümə səhəri yenidən bir barel üçün 100 dolları ötüb. Büdcə gəlirlərinin böyük hissəsi neft və qaz ixracından gələn Azərbaycan üçün neftin qiyməti birbaşa büdcə məsələsidir.

Digər xəbərlər