Son dəqiqə:

“QHT işi”: Prokuror “Vətəndaş Hüquqları İnstitutu”nun həbsdəki rəhbərinə 9 il həbs cəzası istəyib

Arxiv foto: Parvana Bayramova, Public domain, Wikimedia Commons
05-11-2026 18:37

Bakı Ağır Cinayətlər Məhkəməsində noyabrın 5-də dövlət ittihamçısı qeyri-hökumət təşkilatı olan “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlının 9 il müddətinə azadlıqdan məhrum edilməsini, 3 il də vəzifə tutmaq hüququndan məhrum olunmasını təklif edib. Prosesə hakim Vüqar Seyidov sədrlik edir.

“Azadlıq Radiosu” yazır ki, prokuror vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət yolu ilə əldə edilmiş vəsaitin leqallaşdırılması ittihamlarının sübut olunduğunu iddia edib. İş materiallarında qrantların qeydiyyatdan keçirilmədiyi iddia edilir və bu pul cinayət yolu ilə əldə edilmiş vəsait kimi təqdim olunur.

Süleymanlı ittihamları qəbul etmir. “Mən heç bir cinayət törətməmişəm. Müxtəlif təşkilatlardan vəsaitlər alınıb və bütün bunlar tam qanuni formada olub”, - o, məhkəmədə deyib. Onun sözlərinə görə, pullar regionlarda vətəndaşlara, o cümlədən məcburi köçkünlərə hüquqi yardıma və seçkilərin monitorinqinə xərclənib.

Növbəti iclas noyabrın 19-da keçiriləcək: vəkil müdafiə nitqi ilə çıxış edəcək, sonra Süleymanlı son sözünü deyəcək. O, ötən ilin martında saxlanılıb.

QHT-lərlə bağlı cinayət işi 2014-cü ildə başlanıb, 2022-ci ildə icraat dayandırılıb, 2025-ci ilin fevralında isə Baş Prokurorluq onu təzələyib. Beynəlxalq donorlarla işləmiş vətəndaş cəmiyyəti fəallarından 5 nəfər həbs edilib, 10-a yaxınına alternativ qətimkan tədbiri seçilib, 2 nəfərin barəsində axtarış elan olunub.

Həbsdə olanlardan Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov 8 il, “Ubuntu” Sosial İş Assosiasiyası təşəbbüs qrupunun rəhbəri Zamin Zəkiyev 7 il 3 ay həbs cəzası alıb. Bir sıra fəallar şərti cəza alıb. Təqsirləndirilən QHT təmsilçiləri ittihamları qəbul etmir.

Digər xəbərlər