Son dəqiqə:

Rusiyanın Kamışevaxaya zərbəsi nəticəsində ölənlərin sayı 53-ə çatıb, Zelenski Ukraynada bütün elektrik stansiyalarının zədələndiyini deyir

Rusiyanın atəşindən sonra Slovyansk istilik elektrik stansiyası, arxiv foto, 2022. Foto: National Police of Ukraine, CC BY 4.0, Wikimedia Commons
06-11-2026 12:03

Rusiyanın noyabrın 2-də Ukraynanın Zaporojye vilayətindəki Kamışevaxa qəsəbəsinə endirdiyi bomba zərbələri nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb. Bu barədə noyabrın 6-da vilayət qubernatorunun səlahiyyətlərini icra edən Mixaylo Semikin “Telegram”da yazıb. Zərbədən sonrakı ilk saatlarda ölənlərin sayı 24-26 nəfər kimi açıqlanmışdı.

Semikinin sözlərinə görə, zərbə məktəbə və sığınacağa məhz insanların humanitar yardım aldığı vaxt endirilib. “FAB-3000 təxminən bir ton yarım partlayıcı daşıyan üç tonluq aviasiya bombasıdır. Birbaşa zərbədən sonra yeraltı mərkəzin beton konstruksiyası çöküb. Həmin anda orada yardım almağa gəlmiş dinc sakinlər olub”, - deyə o yazıb.

Ukrayna Prezidenti Volodimir Zelenski əvvəl bildirmişdi ki, ilk hava zərbəsindən sonra təkrar hücum edilib və əraziyə daha doqquz bomba atılıb. Onun sözlərinə görə, rusiyalılar Kamışevaxada qalan sakinlərin hər həftə həmin yerdə yardım aldığını bilməyə bilməzdilər. Rusiya ordusu zərbə və dinc sakinlərin ölümü barədə hələlik açıqlama verməyib.

Zelenski noyabrın 5-də İbero-Amerika sammitinin iştirakçılarına müraciətində deyib ki, Rusiyanın hücumları nəticəsində Ukraynada hər bir elektrik stansiyası bu və ya digər şəkildə zərər görüb. “Rusiyalılar “Şahed”lərdən və raketlərdən istifadə edərək hətta atom elektrik stansiyalarımızın işinin asılı olduğu enerji avadanlığını vururlar”, - o bildirib.

Soyuqlar yaxınlaşdıqca Rusiya Ukraynanın enerji obyektlərinə hücumlarını artırıb, Kiyevdə qəza söndürmələri tətbiq olunur. “The New York Times” qəzeti Ukrayna xüsusi xidmətlərinin ələ keçirdiyi məxfi sənədlərə istinadən yazmışdı ki, Moskva enerji sistemini dağıtmaqla Ukraynanı təslim olmağa məcbur etməyə çalışır.

Digər xəbərlər