Son dəqiqə:

Siyasi təhlilçi: Azərbaycanın Türkiyənin “kiçik qardaşı” kimi təqdim olunması artıq hamının qəbul etdiyi model deyil

Foto: Press Service of the President of the Republic of Azerbaijan, CC BY 4.0, Wikimedia Commons
05-11-2026 20:56

Siyasi təhlilçi Əhməd Əlili deyir ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər tarixi və mədəni yaxınlıqdan daha çox konkret siyasi və iqtisadi maraqlar üzərində qurulmağa başlayıb. “Azərbaycanın Türkiyənin kiçik qardaşı kimi təqdim olunması artıq hər kəs tərəfindən qəbul edilən model deyil”, - deyə o bildirib.

Əlili bu fikirləri BBC Azərbaycancaya müsahibəsində səsləndirib. Onun sözlərinə görə, Azərbaycanın son illərdə Türkiyəyə yatırdığı böyük sərmayələr, xüsusilə enerji və sənaye layihələri, Bakının Türkiyə iqtisadiyyatındakı rolunu artırıb və münasibətləri yalnız “qardaşlıq” çərçivəsində izah etməyi çətinləşdirib.

Təhlilçi son aylardakı polemikaları münasibətlərdə böhran kimi qiymətləndirmir. “Münasibətlər əvvəlki kimi qalır, sadəcə fərqli baxışlar daha görünən olur”, - deyə o qeyd edib. Onun fikrincə, tərəflər mövqelərini daha sərbəst ifadə etdikcə əvvəllər az görünən fikir ayrılıqları üzə çıxır.

Əlili hesab edir ki, müdafiə əməkdaşlığı, enerji layihələri və regional siyasət strateji tərəfdaşlığın əsas sütunları olaraq qalır. “Təhlükəsizlik və regional maraqlar Azərbaycana və Türkiyəyə bir-birindən uzaqlaşmağa imkan vermir”, - deyə o əlavə edib.

Təhlilçi gələcəkdə qərarların emosional ritorikadan çox praktik maraqlar əsasında veriləcəyini gözləyir. Onun sözlərinə görə, hər iki ölkə strateji tərəfdaşlığı davam etdirərkən öz milli maraqlarını da daha açıq müdafiə edəcək.

Digər xəbərlər