Avropada saxta bomba təhdidləri davam edir: İspaniya “hibrid təcavüz” deyir, təhdidlərdə adı çəkilən rus ifrat qrupu əlaqəni inkar edir
Avropada sərnişin reyslərinə qarşı saxta bomba təhdidləri noyabrın 6-da da davam edib. “The Guardian” qəzetinin hesablamasına görə, yeni dalğa Bolqarıstan, Çexiya, Fransa, İtaliya, Macarıstan, Kipr, Rumıniya, Britaniya və Portuqaliya ilə bağlı azı 18 reysə təsir edib. Təyyarələr təhlükəsiz enib, heç birində partlayıcı tapılmayıb.
Ən çox təhdid Praqaya gələn və oradan gedən doqquz reysə edilib. Praqadan Romaya uçan “Wizz Air” təyyarəsi Venesiyaya yönləndirilib, Fransa hökuməti ölkə üzərindən uçan dörd təyyarəyə təhdid daxil olduğunu bildirib. Macarıstanın müdafiə naziri Romulus Ruşin-Sendi ölkənin hava məkanında mülki reysləri müşayiət etmək üçün üç dəfə qırıcı qaldırıldığını yazıb. Bundan əvvəl, çərşənbə axşamı və cümə axşamı gələn təhdidlər azı 35 reysə təsir etmişdi.
Həmin gün İrlandiyada bir neçə media qurumuna da təhdid gəlib, yayımlar dayanıb, əməkdaşlar binalardan çıxarılıb. İrlandiyanın Baş naziri Mixol Martin bunun qorxu və narahatlıq yaymaq cəhdi olduğunu deyib. Britaniyanın “Sky” telekanalı da təhlükəsizlik təhdidi aldığını açıqlayıb.
Cümə axşamı Romaya göndərilən təhdid məktublarından bəziləri Rusiyada 2021-ci ildə qadağan edilmiş ifrat sağçı, qadın düşməni “Kişi Dövləti” hərəkatının “döyüşçüləri” adından imzalanıb. Qrupun qurucusu Vladislav Pozdnyakovla bağlı Telegram hesablarından biri BBC-nin Rus xidmətinə cavabında əlaqəni rədd edib və bu suala istehza ilə yanaşıb: “Sabah məktubu Putinin adından imzalasalar, prezidentimizdən də bu axmaq sualı soruşacaqsınız?”
İstintaqçılar hələlik təhdidlərin arxasında Rusiya və ya İran kimi dövlətin, yaxud terror qruplaşmasının dayandığına dair sübut olmadığını bildirirlər. Lakin bəzi Avropa rəsmiləri bu dalğaları Avropanın Ukraynaya dəstəyi ilə əlaqələndirir. İspaniyanın xarici işlər naziri Xose Manuel Albares deyib ki, eyni üsulla bu qədər hadisənin təsadüf olması mümkün deyil: “Ən məntiqli fərziyyə odur ki, biz hibrid təcavüz cəhdi və psixoloji müharibə ilə üz-üzəyik”.

