AİHM: Azərbaycan hökuməti “Qış parkı” üçün evləri sökülən daha 13 sakinə 751 min avro təzminat ödəməlidir
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) noyabrın 3-də Bakıda “Qış parkı”nın salınması üçün evləri sökülən 13 ərizəçinin işi üzrə təzminat qərarı çıxarıb. Qərara görə, Azərbaycan hökuməti sakinlərə ümumilikdə 751 min 250 avro ödəməlidir.
Məhkəmə bu ərizəçilərin mülkiyyət hüququnun pozulduğunu hələ 2025-ci ilin fevralında tanımışdı. O zaman qərarda əmlak dövlət ehtiyacları üçün alınsa da, “özgəninkiləşdirmə prosesinin qanunvericiliyin tələblərinə uyğun aparılmadığı” bildirilmişdi, təzminat məsələsi isə sonraya saxlanılmışdı.
Yeni qərara əsasən, Ağ Partiyanın sədri Tural Abbaslının anası Başxanım Abbasovaya maddi ziyana görə 104 min 500, mənəvi ziyana görə 3 min avro ödənilməlidir. Hökumət digər ərizəçilərdən Tahirə Salamovaya 47 min, Zaman Mahmudovun oğluna 127 min, Alla Fətəliyevaya 53 min 700, Günel İsimxanovaya isə 44 min 300 avro ödəməyə razılaşıb. Mənəvi ziyan üçün hər ərizəçiyə hökumətin təklif etdiyi 3 min avro kəsilib; hökumət ərizəçilərin daha böyük tələblərini həddindən artıq yüksək sayırdı.
“Qış parkı” “Beşmərtəbə” kimi tanınan ərazidən Heydər Əliyev Sarayının arxasına qədər uzanır. Park Bakı şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı Hacıbala Abutalıbovun 2008-ci il sentyabr sərəncamı ilə salınıb, ərazidəki yüzlərlə ev və qeyri-yaşayış sahəsi sökülüb. Sakinlərə kvadratmetr üçün 1500 manat təklif olunmuşdu, onlar bununla razılaşmırdılar.
Bu, “Qış parkı” sökülənləri üzrə AİHM-in ilk qərarı deyil. 2025-ci ilin yanvarında “Bağvanov və digərləri Azərbaycana qarşı” işində məhkəmə 18 sakinə ümumilikdə 1 milyon 693 min avro təzminat kəsmişdi.

