“Fox News”: ABŞ İrana zərbələri aysız gecəyə düşən noyabrın 9-da bərpa edə bilər
ABŞ İrana qarşı zərbələri bərpa etmək üçün mümkün tarix kimi noyabrın 9-nu nəzərdən keçirir. Bunu “Fox News” telekanalı İranla münaqişəyə dair müzakirələrdən xəbərdar olan yüksək vəzifəli rəsmilərə istinadən xəbər verib.
Mənbələrin sözlərinə görə, noyabrın 9-da Yaxın Şərqdə yeni ay olacaq, gecələr demək olar ki, ay işığı olmayacaq və bu, hərbi əməliyyatlar üçün əlverişli şərait sayılır. Onlar telekanala deyiblər ki, noyabrın 4-5-də Ağ Evdə zərbələrin ümumiyyətlə bərpa edilməsinin lazım olub-olmadığı müzakirə olunub.
Bundan əvvəl Prezident Donald Trampın İranla bağlı üç variantı nəzərdən keçirdiyi bildirilmişdi: yeni zərbələr, Tehrana iqtisadi təzyiqin davam etdirilməsi və ya razılaşma. “Axios” portalı yazmışdı ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Vaşinqtondan yeni göstəriş almasa da, İranda iri döyüş əməliyyatlarının mümkün bərpasına hazırlığı başa çatdırır. “The New York Times” da ABŞ qüvvələrinin Trampın əmri ilə döyüşləri bərpa etməyə hazır olduğunu yazmışdı.
ABŞ noyabrın 3-də İranın Qeşm adasına zərbə endirmişdi. Hörmüz boğazında tankerlərə hücumlar fonunda “Brent” neftinin qiyməti noyabrın 6-da yenidən 100 dolları ötüb.

